İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH-dan Bəhreynə "su müharibəsi" təhdidi: Strateji zavodların xəritəsi paylaşıldı

1110 08.03.2026 13:05 Dünya A A

İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın media resursları Bəhreynin şirinləşdirmə (desalinasiya) müəssisələrinin xəritəsini paylaşaraq bu obyektlərin strateji əhəmiyyətini qabartmağa başlayıb.

Musavat.com xəbər verir ki, yayılan materiallarda ölkənin içməli su ehtiyacının 60%-nin məhz bu zavodlar tərəfindən qarşılandığı xüsusi vurğulanır ki, bu da həmin infrastrukturun növbəti hədəf ola biləcəyinə dair açıq mesaj kimi qiymətləndirilir.

Bu hədəf göstərmə təsadüfi deyil. Cəmi bir gün əvvəl ABŞ-ın Bəhreyndəki "Cufair" bazasından atılan raketlərlə İranın Geşm adasındakı şirinləşdirmə zavodunun vurulduğu və 30 kəndin susuz qaldığı bildirilir. SEPAH-ın bu "xəritə diplomatiyası" həmin hücuma asimmetrik cavab hazırlığı kimi görünür. Artıq martın 8-i səhər saatlarında Bəhreyn Daxili İşlər Nazirliyi İran dronunun qalıqlarının bir şirinləşdirmə müəssisəsinə və universitet binasına dəydiyini, nəticədə maddi ziyanın yarandığını təsdiqləyib. Bu, doqquz günlük müharibə ərzində ərəb ölkələrinin həyati əhəmiyyətli su infrastrukturuna qarşı ilk birbaşa hücum cəhdi kimi qeydə alınıb.

Ekspertlər xəbərdarlıq edirlər ki, Körfəz ölkələri içməli su üçün tamamilə bu zavodlardan asılıdır və onlara ediləcək istənilən irimiqyaslı hücum regionda görünməmiş humanitar fəlakətə yol aça bilər. Bəhreyn tərəfi isə İranın bu hərəkətlərini "mülki əhaliyə qarşı açıq təcavüz" adlandıraraq, su təchizatında hələlik hər hansı kəsintinin olmadığını, lakin müdafiə tədbirlərinin gücləndirildiyini bəyan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR