İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH-ın “bəhər”i “Səhər”in zəhəri – “Yeni Müsavat” ona görə hədəfə alınıb ki...

1428 18.12.2025 16:20 Analitika A A

Xarici ölkənin bir telekanalı öz qonşusu olan ölkənin daxili işlərini, ictimai-siyasi proseslərini müntəzəm işıqlandırırsa və bunu həmin ölkənin dövlət dilində edirsə, bu media qurumu birbaşa xüsusi xidmət orqanlarına bağlıdır, o dövlətin siyasi sifarişlərini icra edir.

İranda fəaliyyət göstərən, işi-gücü Azərbaycandan neqativ planda danışmaq olan “Səhər-Azəri” telekanalı da məhz İranının ali hakimiyyət orqanlarının kursundadır, SEPAH-ın “bəhər”idir, onun tərəfindən bəslənir, idarə olunur, məlumat və mövzularla təmin edilir.

Buna zərrə qədər də şübhə yoxdur. Xüsusilə də son 5 ildə İran dövlətini idarə edənlər – ruhani kontingenti, kəşfiyyat orqanları və keçmiş diplomatlar ölkəmizə qarşı bəzəin qeyri-dost, bəzənsə açıq düşmənçilik mövqeyində olublar və bunu hər kəs görüb.

Əslində bu siyasət Azərbaycan müstəqilliyini bərpa edəndən bəri davam edir. Sadəcə, bəzən “dostluğu pozan örtülü bazar” səciyyəsində olub. Nə qədər ki, İrana bağlı qüvvələr – casus şəbəkəsi və rəğbət qrupları ifşa olunmamışdı, İran düşmənçiliyini altda-altdan aparır, öz sərəncamında olası qüvvələr təmərküzləşdirir, onları həlledici fitvaya hazır hala gətirirdi.

33222.jpg (26 KB)

(2011-ci ildə irançılar Təhsil Nazirliyinin önündəki məşhur “hicab üsyanı” zamanı öz güclərini də, Azərbaycanın hüquq-mühafizə orqanlarının reaksiyasını da test etdilər, anladılar ki, hələ ayaqlanmaq üçün tezdir).

Ancaq bu qüvvələr su üzünə çıxarıldıqdan və zərərsziləşdirildikdən sonra İran kəşfiyyatı açıq düşmənçiliyə keçdi, ölkəmizə qarşı iddialar, ittihamlar artdı, kəskinləşdi. Üstümüzə qıcanan dişləri görəndən sonra biz də əli qoynunda qalmadıq, məkrli dairələrə lazımi cavablar verdik, ölkəmizin İrana sırf din-məzhəb qardaşlığı üzündən rəğbətli olan kəsimini ayıltmağa çalışdıq, Tehran və Qumun bizə dair niyyətlərinin nə olduğuna işıq saldıq.

Hazırda İranda üləmaların, kəşfiyyatçıların, diplomat və jurnalistlərin nə deməsindən, danışmasından asılı olmayaraq, Azərbaycan xalqının İran dövlətinin siyasətinə münasibəti birmənalı olaraq mənfi səciyyəlidir. İranı qiblə sayanlar isə mütləq SEPAH-a bağlı antimilli qruplardır və xoşbəxtlikdən, onlar azlıqdadır və indən belə də sayları artası deyil. Çünki həm xüsusi xidmət orqanlarımız, həm də milli mediamız Azərbaycana düşmən kəsilənlərə barmağını qətiyyətlə tuşlayır.

Hazırda “Səhər-Azəri” telekanalının öz efirində “Yeni Müsavat”ı hədəf almasının əsas səbəbi budur. SEPAH-ın mürtəce siyasətinin “bəhər”i olan “Səhər” öz zəhərini üstümüzə ona görə tökür ki, Azərbaycanın ictimai rəyinə təsir göstərmək sahəsində qarşısında “Yeni Müsavat”ı və onunla eyni platformada dayanan media qurumlarını görür.

shar.jpeg (273 KB)

Özü də bu telekanal elə qələmə verir ki, guya “Səhər”ə hücum edən tərəf “Yeni Müsavat” və onun rəhbəri Rauf Arifoğlu, eləcə də studiyamızın qonağı Fazil Mustafa olub.

Halbuki onlar bu telekanalın adını çox nadir hallarda və yalnız o vaxt çəkiblər ki, “Səhər” əndazəsini aşıb, ölkəmizin daxili işlərinə qaba şəkildə qarışıb, ölkənin içini qarışdırmağa çalışıb.

İndi media qrupumuza qarşı əsas ittiham ondan ibarətdir ki, Rauf Arifoğlu ölkə hakimiyyəti ilə yaxınlaşıb. Guya bu, çox “ifşaedici məlumat”dır və “Səhər” bunu açıqlamaqla öz aləmində guya böyük bir sirr açır.

Bundan sonra bu telekanalın Azərbaycanın siyasi partiyalarından birinin, konkret olaraq AXCP-nin adını çəkərək, onu “yeganə real müxalifət partiyası” adlandırması əba altındakı cidanın görünməsi deməkdir.

Əslində isə bir media qurumunun, elə də fərdlərin öz dövlətinə, hakimiyyətə yaxın olması qəbahət deyil, qəbahət olan başqa dövlətin qeyri-dost hakimiyyətinə yaxın olmaqdır.

ee61543525a7e16ee5a740d9397e428e.jpg (24 KB)

İran illərdir ki, ölkəmizdə özünə loyal müxalifət qrupları formalaşdıırmaq, onları torlarına salmaq, “ümmətçilik” ideyası ilə gözlərini boyamaq, öz dövlət maraqlarının müdafiəçilərinə, kobud desək, “maşa”ısına çevirmək istəyir.

Əminliklə demək olar ki, o cür məkrli niyyətlər puç olacaq. Ona görə ki, artıq hər şey ortadadır, mədəniyyət mərkəzi adlanan casus yuvaları, ayrı-ayrı şəhərlərdə, kəndlərdə formalaşdırılan “döyüşkən hücrələr” ifşa olunub. Bu ölkədə artıq İranın fətirinə yağ sürtəcək dairələr ya qalmayıb, ya da çox dərin kahalara çəkilib, yenidən cəzasız şəkildə fəaliyyət göstərmək üçün əlverişli fürsət gözləyir.

Elə bir fürsət olmayacaq. O da bir iş idi, düşünürdük ki, İran necə olsa da, şiə-müsəlman ölkəsidir, ətimizi yesə də, sümüyümüzü çölə atmaz. 2020-ci ildə məlum oldu ki, İran ətimizi yeməyə hazırdır, sümüyümüzü isə nəinki çölə, hətta erməni məzarlığına atmağa hazırdır. Yeri gəlmişkən, ermənilər onlarla şiə məscidini yerlə-yeksan edəndə, donuz damına çevirəndə qara daşdan səs çıxmışdı, İrandan yox.

Xalqımız cəsarətli milli medianın sayəsində bu həqiqətləri bildi və gələcəkdə də unutmayacaq.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR