İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçılar yenə Bakıya DİL UZATDI - Vardanyanın yerinə gələn adamdan SAYIQLAMA

1179 31.12.2025 19:14 Siyasət A A

Qarabağdan qaçan separatçı qüvvələr Ermənistanda fəallığı artırıblar. Musavat.com yazır ki, son günlər ayrı-ayrı separatçı fiqurların çatlaq səsləri eşidilməyə başlanıb. Bir neçə gün qabaq Xocalı qatili, oyuncaq rejimdə vaxtilə “təhlükəsizlik şurası” rəhbəri olmuş Vitali Balasanyan “artsax uğrunda mübarizə”nin davam edəcəyi barədə bəyanat səsləndiribsə, indi də özünü “artsax dövlət naziri” kimi təqdim edən Njde İskəndəryan Yeni il təbrikində analoji fikirləri səsləndirib.

İlk baxışdan bu bəyanatları Qarabağdan getmiş ermənilər üçün - daxili auditoriyaya hesablanmış açıqlamalar kimi qiymətləndirmək olar, lakin onların fəaliyyətini davam etdirməsi Azərbaycana qarşı ərazi iddialarını qüvvədə saxlamaq deməkdir. Bu isə Bakı ilə İrəvan arasında paraflanmış sülh sənədinə qarşı addımlardır.

Bu nöqteyi-nəzərdən Azərbaycan Paşinyan hakimiyyətinə diplomatik təzyiqləri artıraraq həmin separatçı – cinayətkar tör-töküntülərin İrəvandakı fəaliyyətinə birdəfəlik son qoymağı tələb etməlidir. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, Balasanyan, İskəndəryan kimilər isə mifik “artsax uğrunda mübarizə”dən dəm vururlar.

Belə ki, təbrik məktubunda İskəndəryan bildirib ki, “Bizə çətin bir yol verilib. Bugünkü hər günümüz kimlik, torpaq və gələcək uğrunda mübarizədir”.

Ardınca sayıqlayıb ki, “torpaqlarımızdan ayrılsaq da, heç kim bizi hüquqlarımızdan, tariximizdən və vətənimizdən ayıra bilməz. Artsax bizim adımız, dilimiz və qarşılığında inancımızdır”.

“Bizim öz torpağımızda azad, təhlükəsiz və ləyaqətlə yaşamaq hüququmuz var. Bu hüquq heç bir zorakılıqla əlimizdən alına bilməz. İnanın ki, bu sınaq müvəqqətidir, amma Artsax əbədidir”, - deyə keçmiş qondarma qurumun “dövlət naziri” sərsəmləyib.

Əvvəla, vaxtilə Qarabağda bu postu tutmuş Ruben Vardanyan olub. O, hazırda Bakıda mühakimə olunur və dövlət ittihamçısı Vardanyana ömürlük həbs cəzası istəyib. Antiterror əməliyyatından sonra kukla rejimə rəhbərlik etmiş Samvel Şahramanyan “qurum”un fəaliyyətinə son qoyması barədə “qərar” qəbul edib. İndi necə olur ki, Şahramanyanın ləğv etdiyi “struktur” İrəvanda işini davam etdirir və İskəndəryan da özünü “dövlət naziri” sayır?! Bu məsələyə Paşinyan iqtidarının aydınlıq gətirməsi vacibdir.

Üstəlik, hələ də separatçılar ümidlidir ki, nə vaxtsa Qarabağa qayıdacaqlar. Baxın, İskəndəryan məktubun sonunda nə deyir: “Qoy iman və ümid bizi heç vaxt tərk etməsin, xüsusən də Artsaxın qayıdışını gözləməklə bu səyahətdə. Əmin olun ki, birlik, əzmkarlıq və inamla haqlı məqsədimizə çatcağıq və qayıdış mütləq gerçəkləşəcək”.
Yəni ermənilər Xankəndi və ətraf ərazilərə qayıdacağına ümid edir. Halbuki baş nazir Paşinyan bunu təhlükəli adlandırmışdı. Ümumiyyətlə, bu canilərin ofisi qapadılmalı, “artsax” kimi dəfn olunmuş zərərli ideyalar barədə bəyanatları Ermənistanda qanunvericiliklə məsuliyyət yaratmalıdır. Çünki həm 8 avqustda Vaşinqtonda imzalanmış sənəd var, həm də Şahramanyan 2023-cü ildə məlum qərarı qəbul edib. Eyni zamanda, belə bir zərərli ideya separatçı – revanşist qüvvələri, bir də keçmiş münaqişəni yenidən qızışdırmaq istəyən kənar gücləri maraqlandırır. Top Paşinyanın meydanındadır...

Emil Salamoğlu
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR