İnsanlara hürriyət, millətlərə istiqlal!

Şeyx Papadan razılıq aldı - Vatikanda ofis...

743 18.02.2026 12:36 Gündəm A A

QMİ-nin 1 milyard 300 milyon katolikin qibləsi olan mərkəzdə nümayəndəlik açması Azərbaycana nə verəcək?

Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi yaradılacaq. Modern.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə məlumat verib. A.Paşazadə xatırladıb ki, hazırda QMİ-nin İstanbulda, Tiflisdə, Batumidə, Dərbənddə nümayəndəlikləri və qazılıqları fəaliyyət göstərir: “Əhatə coğrafiyamızı genişləndirmək istiqamətində işlər davam edir. Hazırda Vatikanda nümayəndəliyimizin yaradılması istiqamətində danışıqlar aparırıq”.

Qeyd edək ki, Allahşükür Paşazadə bundan əvvəlki Roma Papasının dövründə də Vatikanda QMİ-nin nümayəndəliyinin yaradılmasını təklif etmişdi. QMİ sədri bildirmişdi ki, bu, ənənəvi əlaqələrin təşkilati baxımdan daha da möhkəmlənməsi üçün vacibdir. Ötən həftə isə Şeyxülislam Allahşükür Paşazadə  Vatikanda Roma Papası XIV Leo ilə görüşüb. Pontifikin şəxsi dəvəti ilə baş tutan audiensiyada Şeyxülislam A. Paşazadə və Azərbaycandakı dini konfessiya rəhbərləri - Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili, Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfəri çərçivəsində Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə görüşüb.

Görüş Müqəddəs Pyotr Meydanında keçirilən ümumi audiensiyadan sonra baş tutub. Şeyxülislam Roma Papasına Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb, Heydər Əliyev Fondunun son illər ərzində Vatikandakı fəaliyyətinin əhəmiyyətini vurğulayıb, ölkəmizdə ikinci Katolik Kilsəsinin inşası barədə məlumat verib.

QMİ sədri bildirib ki, Papa XIV Leonu Azərbaycanda görmək böyük şərəf olar. Roma Papasının ölkəmizə səfər edəcəyi təqdirdə Azərbaycandakı dinlərarası harmoniyanı, dövlət-din münasibətlərinin yüksək səviyyəsini və multikulturalizm mühitini əyani şəkildə görə biləcəyi qeyd olunub. Papa Leo isə ölkəmizə səfər etməyə rəğbətlə baxdığını, iş qrafikinə görə bunu tənzimləyəcəyini deyib.

Ehtimal etmək olar ki, XIV Leo Şeyxin bu dəfə QMİ nümayəndəliyi açması təklifinə razılıq verib. Katolik dünyası ilə qurulan əlaqələr, sadəcə, dinlərarası dialoq üçün yox, eyni zamanda siyasi zərurət olaraq da dəyərləndirilməlidir. Ehtimal ki, bu təmsilçilik tezliklə açılarsa, Vatikanla münasibətlər yalnız mərasim təmsilçiliyindən ibarət olmayacaq, həm də diplomatik və mədəni gücün yeni kanalı kimi fəaliyyət göstərəcək.

QMİ-nin Vatikanla ilk təmasları isə 1990-cı ilə gedib çıxır. Sovet ordusunun 20 yanvarda Bakıda törətdiyi qanlı qırğın, dinc sakinlərin kütləvi qətli bütün dünyada ciddi rezonans verdi. Bu cinayətin dünyadan gizlədilməsinə çalışan sovet rəhbərliyinin cəhdləri baş tutmadı. Qanlı qırğından bir neçə gün sonra Roma Papası II İohann Pavelin xüsusi tapşırığı ilə İtaliyanın məşhur “Reppublika" qəzetinin əməkdaşı Etsio Mauro Şeyxülislam Allahşükür Paşazadəyə zəng vuraraq qanlı qırğın barədə ilk məlumatları dünyaya çatdırdı. Roma Papasının xalqımızın  o ağır günündə informasiya blokadasının yarılmasında göstərdiyi dəstək münasibətlərin yaranmasında ilk cığır sayıla bilər.

Müstəqillik qazandıqdan sonra QMİ ilə Vatikan arasında münasibətlər yeni mərhələyə daxil oldu. 2004-cü ildə Şeyxülislam Roma Papası II İohann Pavelin dəvəti ilə Vatikana səfər etdi. Roma Papası ilə görüş zamanı bir sıra məsələləri müzakirə olunmuşdu.

Bəs QMİ-nin Vatikanda nümayəndəliyinin olması nə kimi əhəmiyyət kəsb edir?

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi | Modern.az

Ceyhun Məmmədov

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov “Yeni Müsavat” bildirib ki, Vatikan dünyanın əsas din mərkəzlərindən biri sayılır və böyük nüfuzu var: “Bu mərkəz dünyanın əksər ölkələrində etibarlı yerlərdən biri kimi qəbul olunur. Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyinin Vatikanda açılması isə ölkəmizin artan gücünün, nüfuzunun göstəricisidir. Bu məsələ Azərbaycanın imicinə töhfə verəcək və mühüm hadisə kimi dəyərləndirirəm. Həmçinin onu göstərir ki, Azərbaycanda formalaşan tolerantlıq ənənələri dünya tərəfindən diqqətlə izlənilir”.

Deputat xüsusi vurğulayıb ki, Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi rəhbərliyi altında Vatikanda mühüm layihələr açılıb, katakombalar bərpa edilib. Onun fikrincə, bu da Azərbaycanın tolerantlığının nəticəsidir: “Azərbaycan təkcə müsəlman abidələri deyil, xristian abidələrinin də bərpasına dəstək verir. Ona görə də nümayəndəliyin açılması önəmli bir nailiyyət olacaq”.

Elşad Musayev: “Azərbaycan sanksiyalardan yayınmağa çalışır” Pravda.az


Elşad Musayev

Komitənin digər üzvü Elşad Musayev isə “Yeni Müsavat”a qeyd edib ki, Azərbaycan Vatikanla əlaqələrini genişləndirir və QMİ-nin nümayəndəlik açmaq niyyəti də ondan irəli gəlir. Onun sözlərinə görə, Vatikan həm siyasi, həm dini mərkəzdir: “Bu nümayəndəliyin açılması ermənilərin xoşuna gəlməyə bilər, amma Azərbaycan bu addımı atmaqla Vatikanla dostluq və əməkdaşlığı dərinləşdirir. Azərbaycan çoxkonfessiyalı və tolerant ölkədir, burada xristianlar və yəhudilər, o cümlədən başqa dinlərin nümayəndələri müsəlman əhalisi ilə eyni hüquqlara, dini etiqad azadlıqlarına sahibdir. Vatikan da hər zaman Azərbaycanı multikultural ölkə kimi yüksək qiymətləndirir. Fikrimcə, Vatikanda nümayəndəlik açılması ilə mövqeyimizi möhkəmləndirə bilərik”.

Deputat əlavə edib ki, QMİ rəhbərinin Vatikanda böyük hörməti var və nümayəndəliyin açılması oradakı fəaliyyətimizə, Azərbaycanın təbliğatına da müsbət təsir göstərəcək.

Xatırladaq ki, Vatikan 1992-ci ilin may ayında Azərbaycanın müstəqilliyini tanıyandan sonra Müqəddəs Taxt-Tacla münasibətlər yüksələn xətt üzrə inkişaf edib. Azərbaycan Prezidenti İlham Əliyev 2005, 2015, 2020-ci illərdə Vatikana səfər edib və yüksək səviyyədə qarşılanıb. Dünyada 1 milyard 300 milyon katolikin qibləsi olan Vatikan dünyada yürüdülən geopolitik siyasətə ciddi təsir gücünə malikdir.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR