İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzovdan VACİB TƏKLİF

1850 13.02.2026 13:39 Ölkə A A

Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov çıxış edib.

Musavat.com-un xəbərinə görə, komitə rəhbəri bildirib ki, yerli özünüidarəetmənin daha səmərəli və funksional institut kimi formalaşdırılması üçün sistemli islahatların həyata keçirilməsi zəruridir.

İlk növbədə, bələdiyyələrin fəaliyyətini kompleks tənzimləyən yeni qanunvericilik bazasının hazırlanması və seçki mexanizmlərinin daha çevik, rəqabətli əsaslarla təşkili məqsədəuyğundur:

“İnstitusional sabitliyin təmin edilməsi üçün dövlət qulluqçularının statusuna uyğun sabit bələdiyyə qulluqçuları korpusunun, o cümlədən icra katibliyi və aparat əməkdaşlarının formalaşdırılması vacibdir. Eyni zamanda iri şəhərlərdə vahid böyük şəhər bələdiyyəsi modelinin yaradılması imkanları nəzərdən keçirilməlidir. Bələdiyyələrin onlayn iclas keçirmək səlahiyyətinin qanunvericiliklə təsbit olunması, ərazi sərhədlərini əks etdirən xəritələrin rəsmi qaydada təqdim edilməsi idarəetmənin effektivliyini artıracaq.

Maliyyə dayanıqlığının gücləndirilməsi məqsədilə məişət tullantılarının idarə olunması səlahiyyətlərinin müvafiq resurslarla birlikdə bələdiyyələrə verilməsi, tullantı poliqonlarının iri şəhər bələdiyyələrinin idarəetməsinə ötürülməsi, vergi və icarə haqlarının iqtisadi əsaslarla müəyyənləşdirilməsi, habelə vergi intizamının təmin edilməsi üçün sanksiya mexanizmlərinin tətbiqi nəzərdən keçirilə bilər”.

Siyavuş Novruzov qeyd edib ki, bununla yanaşı, qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi və “Bələdiyyələrin operativ təminat fondu”nun yaradılması yerli problemlərin çevik həllinə xidmət edəcək:

“Bu tədbirlərin mərhələli icrası yerli özünüidarəetmənin institusional dayanıqlığını artıracaq və idarəetmənin səmərəliliyini təmin edəcək”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR