Sosial mediada Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mühacir jurnalist Emin Hüseynovun sualına verdiyi cavabı əks etdirən video yayılıb.
Musavat.com-un xəbərinə görə, görüntülərdən aydın olur ki, kadrları elə sualı verən jurnalistin özü paylaşıb.
Hadisə Münxendə baş verib.

Videoda Emin Hüseynov binadan çıxan Mehriban Əliyevaya yaxınlaşaraq ölkədə demokratiyanın vəziyyəti ilə bağlı sual vermək istədiyini bildirir. Birinci vitse-prezident dayanır, jurnalistə tərəf baxır və qısa cavab verir:
“Siz qadın paltarında səfirlikdə gizlənən o insansınız? Sizə can sağlığı arzu edirəm”.
Bundan sonra Mehriban Əliyeva yoluna davam edir.
Kadrlardan görünür ki, Emin Hüseynov aldığı cavabdan sonra bir müddət heç nə demir, sanki şok keçirir, daha sonra isə kameranı özünə çevirərək reaksiyasını göstərir, qısa şərh verir və çəkilişi dayandırır.
Musavat.com həmin videogörüntüləri təqdim edir.
Xatırladaq ki, bir neçə il əvvəl jurnalist Emin Hüseynov Azərbaycanda həbs təhlükəsi ilə üzləşdiyini iddia edərək İsveçrə səfirliyinə sığınmışdı. O, səfirlik ərazisinə daxil olarkən qadın paltarı geyindiyini sonradan özü də mediaya açıqlamışdı.
Musavat.com






