İnsanlara hürriyət, millətlərə istiqlal!

“Space TV”nin üç saatlıq dayandırılmasına etiraz

1540 10.01.2026 15:53 Ölkə A A

Deputat Fazil Mustafa Audiovizual Şuranın qərarı ilə “Space TV” kanalının yayımının 3 saatlıq dayandırılmasını kəskin tənqid edib.

Musavat.com-un məlumatına görə, millət vəkili bu cür qərarların televiziya kanallarına və ümumilikdə media mühitinə ciddi zərər vurduğunu bildirib:

"Audiovizual Şura dekabrın 25-də “Space TV”də yayımlanan “Gəl, danış!” proqramında aparıcının çıxışını əsas gətirərək (“Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin tələblərinin pozulması iddiası ilə) yanvarın 14-də saat 12:00-dan 15:00-dək kanalın yayımının 3 saatlıq dayandırılması barədə qərar qəbul edib. Bu, tamamilə yanlış qərardır. Şəxsən tanımasam da, verilişlərindən istedadını və cəfakeşliyini yüksək qiymətləndirdiyim Amil Xəlil ictimai əxlaqın qorunması istiqamətində cəsarətli fikir səsləndirib. O, konkret olaraq heç kimi hədəfə almayıb və səsləndirdiyi tövsiyələr də sağlam məntiqə əsaslanır. Cəmiyyətdə baş verən əxlaqi deqradasiyanı jurnalistin dilə gətirməsinə qarşı bu cür addımlar atmaq zərərlidir. Əgər jurnalistlər bu problemləri dilə gətirməyəcəklərsə, bəs onda kim danışacaq bu neqativlərdən, kim insanlara doğru fikirləri aşılayacaq?”

F.Mustafa vurğulayıb ki, aparıcı söyüş söyməyib, təhqirə yol verməyib, fikirlərini mədəni və etik çərçivədə ifadə edib:

“Söyüş söyməyib, təhqir etməyib, mədəni üslubda fikir bildirib. Buna görə həm televiziyanın, həm də jurnalistin hədəfə alınmasını yanlış hesab edirəm".
Deputatın fikrincə, bu cür qərarlar mediada sağlam müzakirə mühitinin formalaşmasına mane olur və cəmiyyətdə açıq şəkildə problemlərin müzakirə edilməsini çətinləşdirir.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR