Milli Məclisin payız sessiyası öz işini başa çatdırıb.
Parlamentin sədri Sahibə Qafarova çıxışında sessiya və ümumilikdə ilin yekunları barədə danışıb.
Spiker bildirib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisin təşəbbüsü ilə 18 tədbir keçirilib.
Spiker qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev avqustun 7-də və 8-də ABŞ Prezidenti cənab Donald Trampın dəvəti ilə bu ölkəyə tarixi bir səfər edib:
“Səfər çərçivəsində əldə olunmuş Vaşinqton Razılaşmaları, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması və regional sabitliyin möhkəmləndirilməsi baxımından son dərəcə əhəmiyyətlidir”.
S.Qafarova bildirib ki, Milli Məclisdə il ərzində 8 dinləmə, 3 ictimai müzakirə, 1 genişləndirilmiş iclas və 5 konfrans keçirilib.
Sədr qeyd edib ki, payız sessiyasında parlamentin 16 iclası keçirilib, 86 qanun və qərar layihəsinə baxılıb. Ümumilikdə, 2025-ci ildə 38 plenar iclas keçirilib, 185 qanun və 33 qərar qəbul edilib. Spiker vurğulayıb ki, qəbul olunmuş qanunlar arasında 2026-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər qanunlar xüsusilə diqqətəlayiqdir. Sədr Milli Məclisin payız sessiyasını və 2025-ci ili uğurla başa çatdırdığını deyib.
E.Paşasoy,
Musavat.com






