İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh gündəmini hansı mərkəzlər sabotaj edir?

385 16.12.2025 09:52 Siyasət A A

Ermənistanda üç qüvvəyə “zəhər verən kərtənkələ”nin paytaxtı bəllidir

Ermənistanda sülh əleyhinə ritorika daha çox müxalif cəbhədən eşidilir. Hakimiyyətin opponentləri davamlı olaraq əks təbliğat aparırlar ki, sülh prosesi guya Ermənistana qarşıdır və təslimçilik aktıdır. Halbuki sülh sənədindən ən çox faydanı elə ermənilər görəcək. Amma bununla razılaşmayan qüvvələr propoqandanı gücləndirərək ictimai rəyi çaşdırmağa çalışır. Onlar sülh sənədini Azərbaycan və Türkiyənin maraqlarına uyğun gəlməkdə ittiham edir, Ermənistanın milli maraqlarına zidd adlandırır. Müxalifətin digər “arqumenti” Bakıda mühakiməsi gedən hərbi cinayətkarlarla bağlıdır. Bu məsələdə də Paşinyanın rəqibləri onu ittiham edirlər ki, Araik və ortaqlarının azad olunması üçün heç bir addım atmır, amma Bakının şərtlərini yerinə yetirir. Xüsusən də yeni konstitusiya mətni erməni müxaliflər tərəfindən Azərbaycanın son tələbinin də icrası kimi qiymətləndirilərək Paşinyana qarşı bundan sui-istifadə edilir.

Bununla belə, Vaşinqtonda imzalanan Birgə Bəyannamədən sonra hakim partiya seçkilərə sülh və inkişaf platforması ilə gedəcəyini ortaya qoyub. Erməni cəmiyyətində sülh və kommunikasiyaların blokdan çıxarılaraq, ölkənin özünütəcrid vəziyyətinə son qoyması ilə bağlı vəziyyət müsbət tendensiyalarla müşayiət olunur. Artıq respondentlərin böyük əksəriyyəti hakim partiyaya yenidən səs verəcəklərini ifadə etməyə başlayıblar. Bu isə seçkiyə sülh və inkişaf platforması ilə hazırlaşan Paşinyan komandasına növbəti qələbəsinin reallaşacağı kimi görünür. Seçkilərdə köhnələrlə yanaşı, yeni siyasi qüvvələrin də iştirak edəcəyi gözlənilir. 

Özünü separatçıların lideri hesab edən Samvel Şahramanyan, Ermənistanın katalikosu, Kilikiya katalikosu, bəzi müxalif partiyaların sədrləri bəyanatlarında ruhdan düşməməyi və gələcəkdə yaranacaq münbit şəraitdə Qarabağın yenidən “azad ediləcəyi” ilə bağlı çıxışlar edir, Ermənistan hakimiyyətini satqınlıqda günahlandırırlar. Onlar, eləcə də ölkə xaricindəki bəzi revanşist qüvvələr Paşinyanı devirərək yenidən ərazi iddialarını qaldırmaq niyyətindədirlər. Amma bütün bunlar iflasa məhkumdur. Çünki xalq acınacaqlı vəziyyətdən xilas olmaq, əmin-amanlıq  içində yaşamaq istəyir. Artıq tərəqqipərvər insanlarda belə bir yəqinlik yaranıb ki, Ermənistan revanşistlərinin sonu daha böyük faciələrlə nəticələnə bilər. Əgər Paşinyan hökuməti verilən vədləri yerinə yetirib sülh gündəminə sadiq qalsa, Ermənistan vətəndaşları 7 iyun seçkilərində ciddi qələbə ilə müxalifəti tarixin bir küncünə atacaq. Bunun üçün isə prinsipial addım atmaq kifayətdir.

Siyasi ekspert Alim Nəsirovun sözlərinə görə, sülh müqaviləsi Ermənistana iqtisadi inkişaf üçün böyük qapılar açacaq. Onun fikrincə, Paşinyan da boş oturmayıb sülhün gətirdiyi dividentlər haqda ictimai rəyi məlumatlandırır: “Bugünlərdə Kirants kəndinə getmişdi. Orada əhali ilə görüşdə dedi ki, Azərbaycanla sərhəddə dayanıb və bundan qorxmur. Çünki bölgədə sabitlik bərqərar olub. Hətta qeyd etdi ki, onu ittiham edənlər yanıldı. Yəni deyirdilər ki, kəndin məktəbi olmayacaq, camaat köçəcək, heç biri baş vermədi. İkinci fakt isə Qazaxıstan və Rusiya taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasıdır. Bu qərar böyük təqdir qazandı. Paşinyan müxalifətə cavab olaraq sülhün gətirdiyi xeyrin bir nümunəsini də göstərmiş olur. Nəhayət, Bakı neftinin Ermənistana nəql edilməsi. Artıq razılaşma var, sadəcə, qiymət və tranzit xərclərində anlaşma qalır. Paşinyan bu nəticəni də revanşist əhval-ruhiyyədə olan güclərin gözünə soxur ki, müharibə ilə sülhün fərqi nədədir...”

 

A.Nəsirova görə, sülh əleyhinə təbliğat nəticə verməyəcək: “Bir ovuc sülh düşməni bu təbliğatı aparır. Onların gördüyü "iş" isə təsirli ola bilməz. Çünki Vaşinqtonda sülh mətni paraflanıb, geriyə oxunuşu da yoxdur. Sadəcə, bu qüvvələr xalqı hakimiyyət əleyhinə qaldırmaq üçün indi də sülh gündəmini sabotaj edirlər. Bu prosesdə öndə gedənlər isə “ilana zəhər verən kərtənkələ” Moskvadakı dairələrdir. Rusiyadan qidalanan revanşistlər, separatçı qruplar və kilsədəki xainlər sülhün düşməni rolundadırlar. Onlar guya ermənilərin maraqlarını müdafiə edir, Paşinyan isə ölkəni Azərbaycana təslim etdirir. Hərçənd bu “qara piar” sırf hakimiyyəti xalqın gözündən salmaq məqsədi güdür. Ona görə də seçki ərəfəsində bu təbliğatın güclənməsi gözləniləndir. Amma Paşinyan həm separatçıların toplaşdığı binada axtarış aparır, həm kilsə ilə döyüşür, həm də revanşist müxalifəti ifşa edir. Məncə, Paşinyan bu daşları ayağının altından yığmaqla sülh gündəliyini davam etdirəcək".

Qeyd edək ki, revanşistlərin nəşri olan “Hraparak” da ölkədə keçirilmiş ümummilli rəy sorğusunun “nəticələri”ni dərc edib. Sorğunun manipulyativ nəticələrinə görə, Ermənistan əhalisinin üçdə ikisi Azərbaycanla uzunmüddətli və davamlı sülhün mümkünlüyünə inanmır. Araşdırma 5-25 oktyabr 2025-ci il tarixlərində “Arar” Sivilizasiya Tədqiqatları Fondu tərəfindən aparılıb və nəticələr 11 noyabrda elan olunub. Sorğuda 18-80+ yaş aralığında olan vətəndaşlar iştirak edib, podaqrafik xəta ±2,92% təşkil edib.

Sorğu nəticələrinə görə, respondentlərin yalnız 30,5%-i danışıqlar yolu ilə Azərbaycanın Ermənistanla davamlı sülhə nail ola biləcəyini düşünür, 69,2%-i isə inanmır. “Prezident Donald Trampın vasitəçiliyi ilə imzalanacaq Ermənistan-Azərbaycan sülh sazişi real sülh gətirəcəkmi?” sualına isə respondentlərin 33,7%-i “bəli”, 65,1%-i “xeyr” cavabı verib.

Hazırladı: Emil

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR