Süni intellekt və müasir rentgen texnologiyaları təxminən 2 min ildir oxunması mümkünsüz sayılan qədim Roma papirusunun sirrini açıb. Vezuvi vulkanının püskürməsi zamanı kömürləşən kitab ilk dəfə zədələnmədən oxunub.
Musavat.com xarici mənbələrə istinadən xəbər verir ki, söhbət eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində kül altında qalan qədim Herkulanum şəhərində tapılmış papiruslardan gedir.
Əsrlər boyu alimlər bu papirusları açmağa çalışsalar da, ən kiçik müdaxilə belə onların dağılmasına səbəb olurdu. Bu dəfə isə tədqiqatçılar yüksək dəqiqlikli mikro-CT skanları, “virtual açma” texnologiyası və süni intellekt alqoritmlərindən istifadə edərək kitabəni fiziki olaraq açmadan mətni oxuya biliblər.

Araşdırma zamanı qədim yunan filosofu Filodemin indiyədək məlum olmayan əsərlərinin hissələri üzə çıxıb. Alimlər hesab edirlər ki, bu mətnlər antik fəlsəfə və Roma dövrünün elmi-mədəni həyatı haqqında yeni məlumatlar təqdim edəcək.
Qeyd edək ki, Herkulanum kitabxanası qədim yunan-Roma dünyasından günümüzə qədər bütöv şəkildə qorunub qalan yeganə kitabxana hesab olunur. Burada hələ də yüzlərlə açılmamış papirus saxlanılır və alimlər süni intellekt sayəsində onların da yaxın gələcəkdə oxuna biləcəyinə ümid edirlər.

Nigar Həsənli
Musavat.com






