Tayvanda ABŞ-nin adanı Çinin hücumundan qorumayacağı ilə bağlı narahatlıqlar artır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb Trampın Çinlə ticarət müharibəsinə son qoymaq istəyidir. Hesab olunur ki, hazırkı ABŞ administrasiyası Tayvanı Çinə “peşkəş” edə bilər.
Bildirilir ki, Trampın Rusiya-Ukrayna münaqişəsinə kompromis həll yolu tapmaq cəhdləri fonunda Taybeydə siyasi güc balansı dəyişib.
Ölkənin əsas müxalifət “Kuomintang” partiyasının yeni sədri Çjen Liven (şəkildə) populyar bir fiqura çevrilib. O, Çinlə daha güclü əlaqələrə çağırır və Tayvan vətəndaşlarının özlərini tayvanlı deyil, çinli hesab etmələrini təklif edir. Oktyabr ayında gözlənilmədən partiya lideri seçildikdən sonra o, Çin prezidenti Si Cinpinlə görüşmək istəyini də açıqlayıb.
“Vashinqton Post” qəzetinin məlumatına görə, Çjen Liven Tayvanın hərbi büdcəsini tənqid edib və qanunvericilik prosesinin ilk mərhələsində onun təsdiqini dayandıra bilib.
Bu, hakim Demokratik Tərəqqi Partiyası (DTP) ilə “Kuomintang” arasında mövqelərdə kəskin fərqi nümayiş etdirir. Tayvan hökuməti milyardlarla dollarlıq Amerika silahı almaq planını açıqlayıb. Tayvan prezidenti Lay Çinde adadakı ABŞ missiyasının rəhbəri ilə görüşdə (ABŞ-nin rəsmi olaraq Tayvanla diplomatik münasibətləri yoxdur) ABŞ və Tayvan arasındakı dostluq və əməkdaşlığın şərəfinə badə qaldırıb.
Çinin hərbi təzyiqi qarşısında hakim və müxalifət partiyaları arasında bu cür açıq təzad bir çox tayvanlını əndişələndirir. Ç.Liven deyir ki, ada sakinləri narahatdırlar: "Biz özümüz münaqişə yaratsaq, yaxud ABŞ Tayvanı oyunda kart kimi istifadə edib bizi satsa, necə olar?"
Pekin adanı Çin ərazisi hesab edir və Tayvanın müstəqillik elan etməsi halında parlament tərəfindən güc tətbiqinə icazə verən qanun qəbul edilib. Yaponiyanın baş naziri Sanae Takaiçi bildirib ki, Tayvana qarşı silahlı münaqişə başlayarsa, Tokio regiona hərbi qüvvələrini göndərə bilər.
Lakin adanı silahla müntəzəm olaraq təchiz edənə ABŞ Tayvanın əsas xarici dəstəkçisi olaraq qalır. Vaşinqton bir müddətdir ki, münaqişəyə müdaxilə edib-etməyəcəyini dəqiq şəkildə bildirmədən strateji qeyri-müəyyənlik mövqeyini qoruyub saxlayır. Trampın prezidentliyinin ikinci müddətində yeritdiyi siyasət qeyri-müəyyənlik yaradıb və bu, Tayvanda ABŞ müdafiəsinə güvənməyə dair şübhələri artırıb.
Musavat.com






