ABŞ administrasiyası Qrenlandiya ilə bağlı uzunmüddətli və strateji plan üzərində işləyir.
Musavat.com xəbər verir ki, The Economist və Politico nəşrlərinin məlumatına görə, Donald Trampın komandası adanın birbaşa ilhaqını deyil, Azad Assosiasiya Sazişi modelini əsas mexanizm kimi nəzərdən keçirir.
Plan artıq sınaqdan çıxarılmış sxem üzrə qurulub:
Qrenlandiyada referendum keçirilir və ada müstəqilliyini elan edir;
Danimarka və Avropa İttifaqı prosesə formal etiraz göstərmir;
Yeni dövlət ABŞ-la Azad Assosiasiya haqqında saziş imzalayır;
Əhalini razı salmaq üçün Vaşinqton iri maliyyə dotasiyaları, sosial və iqtisadi güzəştlər vəd edir;
Əvəzində ABŞ ordusu Qrenlandiyada geniş hərbi və təhlükəsizlik səlahiyyətləri əldə edir.
Məqsəd prosesin 2026-cı il 4 iyuluna — ABŞ müstəqilliyinin 250 illiyinə qədər, yaxud ən gec noyabr aralıq seçkilərinədək tamamlanmasıdır.
Məlumata görə, Vaşinqton artıq Qrenlandiya rəhbərliyi ilə birbaşa danışıqlara cəhd edib, lakin bu təşəbbüslər rədd edilib. Buna baxmayaraq, yayılan məlumatlar göstərir ki, ABŞ bu ideyadan tam imtina etməyib.
Qeyd edək ki, Qrenlandiya Avropa İttifaqının üzvü deyil — ada 1985-ci ildə balıqçılıq kvotaları ilə bağlı narazılıqlara görə Aİ-dən çıxıb. Bu səbəbdən proses hüquqi baxımdan Aİ sərhədlərinin dəyişməsi kimi qiymətləndirilmir.
Musavat.com






