İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran və Bakı eyni masada - verilən mesajlar

463 24.06.2026 15:49 Siyasət A A

Azərbaycan və İran arasında son aylarda müşahidə olunan yüksək səviyyəli təmaslar, qarşılıqlı səfərlər və siyasi dialoqun intensivləşməsi gündəmin əsas mövzularından birinə çevrilib. Xüsusilə, Milli Məclisin spikeri Sahibə Qafarovanın rəhbərlik etdiyi heyətin İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək üçün cənub qonşumuza səfər edəcəyi barədə rəsmi məlumatın yayılmasının ardından bu gün İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafın Bakıya səfəri diqqət çəkir.

Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası çərçivəsində baş tutan səfər təkcə parlament diplomatiyasının nümunəsi deyil, həm də iki qonşu ölkə arasında münasibətlərin hazırkı vəziyyətinin göstəricisidir. Son dövrlərdə Bakı ilə Tehran arasında müşahidə olunan qarşılıqlı anlaşma, iqtisadi əməkdaşlıq layihələrinin genişlənməsi və siyasi dialoqun fəallaşması regionda yeni geosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət kəsb edir. Qalibafın Bakıya səfəri hansı mesajları verir?

featured-image-726345

Milli Məclisin deputatı Elnarə Akimova Musavat.com-da xüsusi olaraq, vurğuladı ki, İran və Azərbaycan arasında münasibətlərin kökü əsrlərin dərinliyinə, ortaq tarixə, ortaq mədəniyyətə, ortaq mənəvi dəyərlərə söykənir: “Bu gün siyasi gündəmdə baş verən hadisələr, yüksək səviyyəli səfərlər və qarşılıqlı təmaslar bir daha təsdiqləyir ki, İran Azərbaycan üçün təkcə qonşu deyil, həm də tarixi və əzəli dostdur.İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafın Bakıya səfəri bu dostluğun və qarşılıqlı hörmətin növbəti təzahürüdür. İki ölkə arasında son dövrlərdə müşahidə olunan siyasi fəallıq, dövlət rəhbərlərinin qarşılıqlı etimada əsaslanan dialoqu və əməkdaşlığın genişlənməsi regionda yeni bir müsbət atmosfer formalaşdırır. Bu, təsadüfi deyil. Çünki Azərbaycan və İran xalqları tarix boyu bir-birinə yaxın olmuş, çətin günlərdə də, uğurlu dövrlərdə də qarşılıqlı anlaşma və dostluq nümayiş etdirmişlər.

Bu gün dünya mürəkkəb geosiyasi proseslərlə üz-üzədir. Belə bir dövrdə qonşular arasında etimadın, dialoqun və əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və İran da məhz bu yolu seçərək qarşılıqlı maraqlara əsaslanan münasibətləri inkişaf etdirirlər. Nəqliyyat dəhlizləri, iqtisadi layihələr, enerji əməkdaşlığı və humanitar əlaqələr iki ölkəni daha da yaxınlaşdırır. Xüsusilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi yalnız iqtisadi layihə deyil, həm də dostluğun, qarşılıqlı faydalı tərəfdaşlığın simvoludur”.


Spiker: İƏT Azərbaycanı dəstəkləyən 100-dən artıq sənəd qəbul edib

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında formalaşan səmimi və konstruktiv münasibətlər də əlaqələrin gələcəyinə böyük ümidlər yaradır: “Dövlət başçılarının nümayiş etdirdiyi siyasi iradə xalqlarımız arasında mövcud olan tarixi bağları daha da möhkəmləndirir və yeni əməkdaşlıq imkanlarının qapısını açır. Azərbaycan xalqı hər zaman mehriban qonşuluq münasibətlərinə xüsusi dəyər verib. İran xalqı ilə bizi ayıran sərhədlərdən daha çox birləşdirən ortaq dəyərlər, mədəni yaxınlıq və qarşılıqlı hörmət mövcuddur. Bu səbəbdən də Azərbaycan-İran münasibətlərinin inkişafı yalnız dövlətlərin deyil, həm də xalqların istəyinə və maraqlarına cavab verir.

Məhəmməd Baqer Qalibafın Bakıya səfəri bir daha göstərir ki, Azərbaycan və İran arasında əlaqələr möhkəm təməllər üzərində qurulub. Bu təməlin adı dostluq, qarşılıqlı hörmət və etimaddır. İran bizim tarixdən gələn, sınaqlardan keçmiş əzəli dostumuzdur. Bu dostluğun daha da güclənməsi isə yalnız iki xalqın rifahına deyil, bütövlükdə regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək. Tarixin formalaşdırdığı bu dostluq körpüsü gələcək nəsillər üçün də etibarlı və möhkəm olaraq qalacaq”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR