Rusiya-Ermənistan münasibətləri növbəti dönüş nöqtəsindədir və hazırda qeyri-müəyyən mərhələyə daxil olub. Musavat.com xəbər verir ki, bunu VERELQ Analitik Mərkəzinə müsahibəsində Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi əməkdaşı Aleksandr Krılov deyib.
Onun sözlərinə görə, Ermənistanda keçirilmiş seçkilərin Moskva-İrəvan münasibətlərinə necə təsir edəcəyi hələ tam aydın deyil. Krılov mümkün inkişafla bağlı üç ssenarinin olduğunu bildirib.
Ekspertin fikrincə, ən yumşaq ssenari münasibətlərin seçkilərdən əvvəlki vəziyyətdə qalmasıdır. Bu halda Ermənistan siyasi baxımdan Avropaya yaxınlaşmağa davam edəcək, eyni zamanda Avrasiya İqtisadi İttifaqının üzvü kimi iqtisadi imtiyazlardan istifadə etməyə çalışacaq.
İkinci ssenari isə Rusiyanın mövcud vəziyyətlə artıq barışmaması və Ermənistana qarşı müəyyən məhdudlaşdırıcı addımlar atmasıdır. Krılov qeyd edib ki, belə tədbirlərin ilk əlamətləri artıq görünür.
Ən mənfi ssenari kimi isə o, Rusiya-Ermənistan münasibətlərinin Moldova nümunəsində olduğu kimi faktiki qopmasını göstərib. Bu halda təkcə siyasi deyil, iqtisadi əlaqələrin də daralması, Ermənistanın Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiya və iqtisadi blokada xəttinə qoşulması mümkündür.
Krılov hesab edir ki, belə vəziyyətdə Ermənistan artıq Rusiyanın beynəlxalq arenadakı rəqiblərinin bir hissəsi kimi qəbul edilə bilər.
Ekspert Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığının Moldova ilə müqayisədə daha yüksək olduğunu da qeyd edib. Onun fikrincə, əsas sual Ermənistanın Qərb tərəfdaşlarının İrəvana əvvəlki ikili xətti davam etdirməyə imkan verib-verməyəcəyidir.
O, Ukrayna və Moldova nümunələrini xatırladaraq qeyd edib ki, siyasi seçim Rusiyanın rəqibləri xeyrinə ediləndə iqtisadi və sosial maraqlar çox vaxt ikinci plana keçir.
Müsahibədə Ermənistanın Avropaya yaxınlaşmasının əslində Türkiyə istiqamətinə dönüş olub-olmaması məsələsinə də toxunulub. Krılov bildirib ki, burada ziddiyyət görmür.
“Avropa həm də NATO məkanıdır. Türkiyə NATO üzvüdür. Buna görə də Ermənistanla münasibətləri həm Türkiyə, həm Avropa İttifaqı, həm də ABŞ inkişaf etdirəcək”, – deyə o bildirib.
Musavat.com






