Türkiyənin təhsil naziri Yusuf Tekin son günlər siyasi müzakirələrin mərkəzinə düşüb. Buna səbəb nazirin orta məktəb yaşlı qızının dövlət məktəbi əvəzinə özəl liseydə təhsil almasıdır.
Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Müxalifət sırlarından olan deputat Selçuk Özdağ məsələyə kəskin reaksiya verərək bildirib ki, ölkədə təhsilin keyfiyyəti ilə bağlı problemlər elə nazirin ailəsinə də təsir göstərir və buna görə onun övladı dövlət məktəbini seçmir.
Deputat, həmçinin yalnız Tekinin deyil, digər nazirlərin də uşaqlarının bahalı özəl təhsil müəssisələrində oxuduğunu iddia edib.
Yaranan narazılıqlara cavab olaraq Təhsil Naziri Yusuf Təkin açıqlama verib. O, demokratik cəmiyyətdə şəxsi seçimlərin əhəmiyyət daşıdığını vurğulayaraq qeyd edib ki, heç kim vətəndaşların öz övladlarına hansı təhsil yolunu seçəcəyini məhdudlaşdıra bilməz.
"Heç bir vətəndaşın, xüsusən də dövlət məmurlarının təhsil üstünlükləri haqqında məlumatları üçüncü tərəflərlə paylaşması nə hüquqi, nə də mənəvi cəhətdən etik deyil. Bundan əlavə, şəxsi seçimlərə və ailə məxfiliyinə hörmət etmək vəzifələrimizdən biridir. Nəticə etibarilə, nazirliyimizin prioriteti bütün uşaqlarımızın zamanın tələblərinə cavab verən, bərabər, yüksək keyfiyyətli təhsil almalarını təmin etməkdir."
Musavat.com






