ABŞ Prezidenti Donald Tramp öz komandasına İrana qarşı həlledici olacaq, lakin ABŞ-ı Yaxın Şərqdə uzunmüddətli müharibəyə cəlb etməyəcək sürətli hərbi əməliyyat variantlarını araşdırmağı tapşırıb.
Musavat.com xəbər verir ki, məlumatı The Wall Street Journal Ağ Evdəki mənbələrinə istinadən yayıb. Nəşrin mənbələrinə görə, Tramp Tehranı güzəştə getməyə məcbur etmək üçün İran rejiminə ciddi ziyan vura biləcək zərbə ssenarilərini gözləyir.
Güzəştlər ilk növbədə Vaşinqtonun nüvə proqramı ilə bağlı tələbləri, eləcə də siyasi müxaliflərin həbsdən azad olunmasını əhatə edəcək razılaşmanı nəzərdə tutur.
Nəzərdən keçirilən ən ciddi variantlar arasında İran hökuməti və İslam İnqilabı Keşikçiləri Korpusunun(SEPAH) hədəflərinə qarşı bir sıra genişmiqyaslı hava hücumları var. Bu ssenari tammiqyaslı müharibəyə əl atmadan ABŞ-ın gücünü və qətiyyətini nümayiş etdirmək üçün nəzərdə tutulub.
Daha az radikal yanaşma - simvolik hədəflərə nöqtəvi zərbələr də araşdırılır. Belə zərbələr İran Tramp administrasiyası üçün məqbul şərtlərlə razılığa gəlməkdən imtina edərsə, növbəti mərhələyə keçid üçün zəmin yaratmalıdır.
Musavat.com






