ABŞ prezidenti Donald Tramp İran müxalifətinin əsas simalarından biri kimi təqdim olunan Rza Pəhləvi ilə bağlı açıq və soyuq mövqe ortaya qoyub. Trampın açıqlaması Vaşinqtonun İranla bağlı mümkün siyasi ssenarilərində “şah kartı”nın artıq gündəmdə olmadığını göstərir.
Musavat.com-un məlumatına görə, Tramp bildirib ki, Rza Pəhləvi şəxsi keyfiyyətləri baxımından müsbət təsir bağışlasa da, onun İranı idarə edə biləcəyinə və cəmiyyətin bunu qəbul edəcəyinə dair ciddi şübhələr var:
“Məncə Rza Pəhləvi yaxşı insandır. Amma onun İranı idarə edə biləcəyindən və xalqın bunu qəbul edəcəyindən əmin deyiləm. Onun tərəfdarları var, amma bütün xalq bu fikirdədirmi? Bilmirəm”.
ABŞ prezidenti xüsusilə vurğulayıb ki, İranın gələcək lideri xaricdən deyil, daxildən – xalqın iradəsi ilə müəyyənləşməlidir:
“Məncə İranın gələcək liderini xalq özü daxildən müəyyən etməlidir”.
Bu açıqlama ABŞ-ın İranla bağlı siyasətində rejim dəyişikliyi məsələsində açıq lider favoritinin olmadığını, həmçinin monarxiya nostalgiyasına söykənən ssenarilərin Vaşinqton üçün real alternativ sayılmadığını ortaya qoyur.
Musavat.com






