ABŞ prezidenti Donald Tramp ölkə vətəndaşlarını dövlət başçısının göstərişlərinə qarşı itaətsizliyə çağırışlardan çəkinməyə səsləyib və Demokratlar Partiyasından senator, keçmiş astronavt Mark Kellinin bu cür çağırışlar ehtiva edən bəyanatlarını tənqid edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Tramp "TruthSocial" şəbəkəsində yazıb.
“Mark Kelli və bir qrup qeyri-vətənpərvər siyasətçi düzgün davranmayıblar və bunu özləri də bilirlər. Ümid edirəm ki, onlara baxan insanlar aldadılmayacaq və ABŞ prezidentinə açıq şəkildə itaətsizliyə çağırmağın normal bir şey olduğunu düşünməyəcəklər”, - deyə Tramp bildirib.
Qeyd edək ki, bu ilin noyabrın sonunda ABŞ-ın hərbi naziri Pit Heqset Mark Kellinin dövlət başçısının göstərişlərinə əməl etməməyi tövsiyə edən fikirlərinə görə onun barəsində yoxlama aparılmasını tapşırıb.
Bundan əvvəl isə Demokratlar Partiyasından bir qrup senator və Konqres üzvü, o cümlədən Kelli, ABŞ hərbçilərinə və Mərkəzi Kəşfiyyat İdarəsinin, eləcə də digər xüsusi xidmət orqanlarının əməkdaşlarına müraciət edərək bildirmişdilər ki, hazırda ABŞ yalnız xarici deyil, daxili təhdidlərə də məruz qalır. Onlar iddia edirlər ki, ABŞ prezidenti Donald Trampın administrasiyası silahlı qüvvələri və kəşfiyyat strukturlarını ölkənin öz vətəndaşlarına qarşı istifadə etməyə çalışır.
Musavat.com






