ABŞ Prezidenti Donald Trampın nümayəndələri Ukrayna Prezidenti Volodimir Zelenski ilə aparılan danışıqlarda Donbasdan Ukrayna qoşunlarının çıxarılması tələbində sərt mövqe tutublar.
Musavat.com xəbər verir ki, bu barədə "Bild" qəzeti danışıqlara yaxın mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Cared Kuşner və Stiv Uitkoff bu tələbi israrla irəli sürüblər, çünki onların fikrincə, məhz bu məsələ Rusiya Prezidenti Vladimir Putin üçün əsas və prinsipial şərtdir. Tramp administrasiyası bu addımı mümkün sülh razılaşmasının açar elementi kimi görür.
Eyni zamanda, Volodimir Zelenski bu tələblə bağlı ciddi təhlükəsizlik sualları qaldırıb. Ukrayna prezidenti aydın təminatlar tələb edir: əgər Ukrayna qoşunlarını Donetsk vilayətinin nəzarətdə qalan hissəsindən çıxararsa, Rusiya razılaşmanı pozub həmin ərazilərə qoşun yeridərsə, bunun nəticələri və beynəlxalq reaksiyanın nə olacağı öncədən müəyyənləşdirilməlidir.
Musavat.com






