ABŞ Maliyyə Naziri Skott Bessent Pekinin Rusiya neftinin alışını azaltması məsələsini Çin Baş Nazirinin müavini He Lifeng ilə qarşıdakı danışıqlarının gündəliyinə daxil etməyi planlaşdırır.
Musavat.com Wall Street Journal-a (WSJ) istinadən xəbər verir ki, Bessent həmçinin Çin nümayəndələrini İran neftindən imtina etməyə və bunun müqabilində ABŞ-dan neft və qaz tədarükünü artırmağa inandırmaq niyyətindədir. Qəzetin mənbələri qeyd edir ki, ABŞ Maliyyə naziri həmçinin Boeing təyyarələri və soya paxlasının tədarükünü genişləndirməkdə və Pekinin nadir torpaq elementləri və minerallar üzərində ixrac nəzarətini yumşaltmaqda maraqlıdır.
Qəzet yazır ki, amerikalı danışıqçılar Çin rəhbəri Si Cinpinin ABŞ prezidenti Donald Trampla qarşıdan gələn danışıqları zamanı Tayvanın müstəqilliyi ilə bağlı əks tələb irəli sürə biləcəyini gözləyirlər.
Ağ Evin sözçüsü daha əvvəl Reuters agentliyinə Trampın Çinə səfərinin 31 mart - 2 aprel tarixləri arasında baş tutacağını bildirmişdi.
Musavat.com






