ABŞ Prezidenti Donald Trampın Kiyevin “müharibədən istifadə edərək seçkiləri keçirmədiyi” barədə sərt ittihamından sonra Ukrayna prezidenti Volodimir Zelenski yenidən dünya gündəminə bomba kimi düşən açıqlama verib. Zelenski qanunu dəyişdirə biləcək təkliflərin hazırlanmasını istəyəcəyini söyləyib. Onun sözlərinə görə, səsvermənin təhlükəsizliyi ABŞ və digər müttəfiqlərin köməyi ilə təmin olunarsa, seçkilər yaxın 60-90 gün ərzində keçirilə bilər.
Bu açıqlama savaşın üçüncü ilinə daxil olan ölkədə həm daxili siyasi qüvvələr, həm də beynəlxalq güclər arasında yeni ziddiyyət dalğası yaradıb. Zelenskiyə görə, əsas məsələ seçkinin keçirilib-keçirilməməsində deyil, təhlükəsizliyin təmin olunmasındadır. Və o, ilk dəfə olaraq bu məsuliyyətin bir hissəsini açıq şəkildə Qərbin üzərinə qoyur: “ABŞ və Avropa bizə seçkilərin təhlükəsizliyinin təmin olunmasında kömək etməlidir”. Bu, fərqli siyasi mesajları özündə cəmləyən çoxqatlı bir çağırışdır.
Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, Trampın Ukrayna ilə bağlı son açıqlamaları qlobal təhlükəsizlik mühitini silkələyən strateji yanlışlıqdır: “Trampın Zelenskini müharibədən istifadə edərək seçkiləri keçirməməkdə ittiham etməsi, əslində, Rusiyanın uzun illərdir qurduğu informasiya cəbhəsinə ciddi dəstəkdir. Əgər bu açıqlamalar təsadüf deyilsə, daha pis, məqsədlidir. Tramp bu tip bəyanatlarla ABŞ-ın beynəlxalq məsuliyyətini, NATO-nun strateji bütövlüyünü və Ukraynanın dövlətçiliyini sual altına atır. Belə davranış geosiyasi kortəbiilikdir. Rusiya iki ildən çoxdur ki, Zelenskinin legitim olmadığını iddia edir və Kiyevə yeni seçkilər tələbini əsas şərt kimi diktə edir. İndi Tramp həmin iddianı eyni ritorika ilə səsləndirir. Diplomatik reallıq ondan ibarətdir ki, hərbi vəziyyət şəraitində seçki keçirilməsi demokratik prosedur deyil, təhlükəsizlik təminatı olmadan proses tam mənasızdır. Müharibə zamanı seçki keçirməyi tələb etmək, faktiki olaraq, Ukraynanı daxilən parçalamaq deməkdir. İndiki halda Ukraynadan seçki tələb etmək Moskvanın istifadə etdiyi ən primitiv alətdir. Vaşinqtondan belə səslərin gəlməsi isə Rusiya üçün strateji hədiyyədir”.
Siyasi şərhçi deyib ki, Trampın bu kimi bəyanatları Qərbin 30 illik təhlükəsizlik arxitekturasının altına qoyulmuş mina kimidir: “Bu yanaşma bir neçə təhlükəli nəticə yaradır. Bu halda Kiyev müdafiə mövqelərini itirir. Çünki əsas müttəfiqin siyasi iradəsi şübhə altına düşür. Moskva cəbhədə taktiki üstünlük qazanır, çünki Qərbin parçalanmasını real siyasi proses kimi görür. NATO özünün siyasi çəkisini itirir. ABŞ lideri açıq şəkildə alyansı zəif və yararsız adlandırır. Böyük dövlətlərin məsuliyyətsiz bəyanatları kiçik dövlətlərin faciəsinə çevrilir”.
Siyasi şərhçi deyib ki, Zelenski 60-90 günə seçki keçirilə biləcəyini deməklə Trampın ittihamlarını neytrallaşdırmağa çalışır, amma bu, Ukraynanın real vəziyyətini dəyişmir: “Cəbhədə yüz minlərlə əsgər var, milyonlarla qaçqın xaricdədir, seçki məntəqələri raket hədəfinə çevrilməsi ehtimalı böyükdür. Yəni seçki kampaniyası cəmiyyəti parçalayar. Bu fonda Zelenskinin açıqlaması yalnız ittihamları dəf etməyə hesablanıb. Bu, tipik diplomatik cavabdır. Trampın yanaşması bir daha sübut edir ki, Qərb Ukrayna mövzusunda vahid strategiya formalaşdıra bilmir. ABŞ-da seçki siyasəti xarici siyasəti üstələyir, Avropa isə öz təhlükəsizliyini belə təmin etməkdə aciz görünür”.
Siyasi şərhçi deyib ki, bugünkü reallıq ondan ibarətdir ki, Ukrayna seçki keçirə bilməz: “Bu, texniki, hüquqi və təhlükəsizlik baxımından mümkün deyil. Trampın tələbi siyasi deyil, populist xarakter daşıyır. Bu tələbin qlobal nəticəsi Ukraynanın zəifləməsi, Rusiyanın möhkəmlənməsi, NATO-nun etibarının sarsılmasıdır. ABŞ siyasətinin daxili didişməsi qlobal təhlükəsizlik üçün real təhdidə çevriləcək. Trampın çıxışı diplomatiya deyil, strateji sabotajdır. Belə davranışla nə sülh olar, nə təhlükəsizlik, nə də Ukraynanın dövlətçiliyi qorunar”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com






