Ramiz Mehdiyevin həbsindən sonra ölkədə siyasi sabitlik məsələsi xüsusi müzakirəyə çevrilib.
Musavat.com xəbər verir ki, TV Müsavatın efirində yayımlanan “Canlı debat” verilişində Ağ Partiyanın sədri Tural Abbaslı ilə millət vəkili Vüqar İskəndərov məhz bu mövzunu müzakirə ediblər.
T.Abbaslı uzun illər Azərbaycan rəhbərliyində təmsil olunan birinin dövlət çevrilişinə cəhddə ittiham olunmasını, partiya sədrinin həbsini ölkədə siyasi sabitliyin olmamasına sübut gətirib.
Verilişin bu hissəsində tərəflər ciddi polemikaya giriblər. Dialoqu olduğu kimi nəzərinizə çatıdırırq.
T.Abbaslı: Avropanın hansı ölkəsində partiya sədri həbsdədir?
V.İskəndərov: Kifayət qədər. Türkiyədə. İmamoğlu. Üstəlik, o, bələdiyyə sədridir. Hansısa müxalifət partiyasının üzvü adam vurub, qəza törədib, həbsə düşürsə, buna dərhal siyasi rəng verməyə çalışırıq. Bu maddələr siyasi deyil.
T.Abbaslı: Ölkədə siyasi sabitlik yoxdur. Qeyri-sabitlik odur ki, ölkədəki siyasi qüvvələrin hara bağlı olduğu bilinmir. AzTV bütün gün deyir ki, filan partiya Rusiyaya, filan siyasi qüvvə İrana bağlıdır. Bu, necə siyasi sabitlikdir? Sabitlik deyəndə təkcə onu nəzərdə tutursuz ki, insanlar yolda bir-birinə güllə atmırlar, mənim daha sizə sözüm yoxdur.
V.İskəndərov: Sizin dünyadan xəbəriniz yoxdur. Dünyanın ən sabit və ən stabil ölkəsiyik. Elə məsələlər var ki, biz orda onuncu olarıq, amma sabitlikdə rəqibimiz yoxdur. Avropaya səfərə gedirsən, sənə iki mühafizə ayırırlar ki, təhlükəsizliyinizə təminat vermirik. Barselonada Milli Məclisin deputatının çantasının oğurlayıb apardılar, içində 2-3 min avro. Heç polis ona baxmır, vaxt yoxdur. Romada, Almaniyada... Polis deyir o kiçik məbləğdir, üzünü döndərib gedir.
T.Abbaslı: Romada dövlət çevrilişi olub? Siyasi sabitlik başqa şeydir, ictimai sabitlik başqa şey.
Söhbətin geniş versiyasını nəzərinizə çatdırırıq.
Musavat.com






