İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə mükafata layiq görülən rejissor: “Ən böyük çətinlik pul yox, ssenaridir”

1732 27.04.2026 18:46 Müsahibə A A

Teatr və kino rejissoru Səidə Haqverdiyeva Türkiyədə keçirilən IV “Gümüş Karyera Ödülləri”nin laureatlarından biri olub. Rejissor bu nüfuzlu mükafata kino və teatr sahəsindəki uzunmüddətli, səmərəli yaradıcılıq fəaliyyəti, eləcə də Qarabağ müharibəsindən bəhs edən “Köhnə çamadanlar” tammetrajlı bədii filminin Ankara şəhərində baş tutan uğurlu premyerasına görə layiq görülüb.

Məsələ ilə bağlı Səidə Haqverdiyeva Musavat.com-un suallarını cavablandırıb.

- Bu cür mükafata layiq görüləcəyinizi gözləyirdinizmi?

- Məsələ burasındadır ki, iki il əvvəl Türkiyədə “Köhnə çamadanlar” filminin qala gecəsi keçirilmişdi və bu, çox böyük bir təqdimat idi. Təxminən 800-dən çox tamaşaçı zalda iştirak etmişdi. Eyni zamanda kifayət qədər Türkiyə mətbuatı tərəfindən işıqlandırılmışdı və təqdimatda Türkiyənin siyasətçiləri, millət vəkilləri və tanınmış sənət adamları iştirak etmişdilər. Filmin təqdimatı çox yüksək səviyyədə baş tutmuşdu. Həmçinin bir neçə ölkədə film onlayn formatda da nümayiş olunmuş, internet üzərindən tamaşaçılara təqdim edilmişdi. Bu mükafata layiq görüləcəyimi gözləyirdimmi? Arzulayırdım, amma gözləmirdim. Bu mənim üçün əslində gözlənilməz oldu və çox sevindim. Xəbəri alanda çox şad oldum.

Məlum olduğu kimi, son bir neçə aydır həyatımda müəyyən bir durğunluq var idi. Bu xəbər mənim üçün sanki ilham oldu. Ona görə də çox xoşbəxtəm, sevinirəm və inanıram ki, yaxın günlərdə mükafatlandırma mərasiminə şəxsən qatılıb mükafatımı özüm alıb geri dönəcəyəm.

Qeyd edim ki, “Gümüş Karyera Ödülləri” müxtəlif sahələrdə uğur qazanan şəxslərin təltif edildiyi ictimai-mədəni əhəmiyyətli tədbirdir. Mükafatlandırma “BY Media” şirkətinin “Protokol” dərgisi tərəfindən həyata keçirilir və siyasət, biznes, media, sənət və akademik sahələrdə fərqlənən simaları əhatə edir. Mükafatların rəsmi təqdimetmə mərasimi mayın 20-də Ankarada olacaq.

WhatsApp Image 2026-04-27 at 18.46.20.jpeg (53 KB)

- “Köhnə çamadanlar” filmi daha çox Azərbaycan, yoxsa Türkiyə tamaşaçısı tərəfindən sevildi?

- Adətən Türkiyədə filmlərimizi daha çox diaspor vasitəsilə təqdim edirik. Lakin bu dəfə təqdimat Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuşdu və kifayət qədər geniş auditoriya toplaşmışdı. Tamaşaçı axını çox idi və auditoriyanın böyük hissəsini qadınlar təşkil edirdi. Tam səmimiyyətimlə deyə bilərəm ki, bəlkə də tamaşaçıların 700-ə yaxını qadın idi – əsasən qadın təşkilatlarının nümayəndələri iştirak edirdi.

Biz filmi türk dilinə tərcümə etmişdik. Çünki Türkiyə ilə nə qədər qardaş ölkə olsaq da, bəzi sözlər və ifadələr var ki, dillərimiz arasında fərqli anlaşıla bilər. Məhz buna görə də filmi türk dilində təqdim etməyi daha məqsədəuyğun hesab etdik. Filmimiz çox gözəl qarşılandı. Açığı, seçim etməkdə çətinlik çəkirəm, Azərbaycan tamaşaçısı da filmi çox yaxşı qəbul etmişdi. Ölkəmizdə filmimizin dörd dəfə təqdimatı olmuş, daha sonra isə geniş prokata çıxmışdı. Türkiyədə isə bir dəfə təqdimat keçirildi, lakin bu təqdimat çox böyük uğurla nəticələndi. Hesab edirəm ki, biz öz həqiqətlərimizi, qardaş ölkə olsa belə, Türkiyə ictimaiyyətinə lazım olduğu kimi çatdıra bildik. Təqdimatda yalnız türklər deyil, digər millətlərin nümayəndələri də iştirak edirdi. Filmin nümayişindən sonra filmin redaktoru Həmidə Rüstəmovaya yaxınlaşıb suallar verirdilər. Onlar deyirdilər ki, “siz bunları doğrudanmı yaşamısınız, biz bu qədər detalları bilmirdik, müharibənin necə ağır mərhələlərindən keçmisiniz?” Bu kimi reaksiyalar bizim üçün çox önəmli idi. Bu fikirləri və sualları eşidərkən içimizdə bir rahatlıq hissi yarandı ki, məqsədimizə çatmışıq. Yəni Azərbaycan və Qarabağ həqiqətlərini ölkə xaricində, başqa millətlərin nümayəndələrinə çatdıra bilmişik. Qeyd etdiyim kimi, tədbirdə xarici səfirliklərin nümayəndələri və müxtəlif ölkələrdən qonaqlar da iştirak edirdi. Biz öz acı həqiqətlərimizi onlara olduğu kimi təqdim edə bildik.

- Bir müddət əvvəl Kukla Teatrında rejissorluq fəaliyyətinizi və bu teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” Uşaq Teatrının işini dayandırdınız. Hazırda hansı yeniliklər var? Yenidən teatra qayıtmağı düşünürsünüzmü?

- “Oyuq” müstəqil uşaq teatrı artıq fəaliyyətini bərpa edib. Çoxsaylı valideynlərin istəkləri nəzərə alınaraq studiyanın fəaliyyətini yenidən davam etdirmək qərarına gəldik. Artıq bir aydır ki, fəaliyyətə başlamışıq və proses uğurla davam edir.

Kukla Teatrına geri qayıtmaq məsələsinə gəlincə isə, hələlik bu barədə danışmaq istəmirəm. Çünki 15 il ərzində orada fəaliyyət göstərmişəm və bu kollektiv mənim üçün çox doğmadır. Tamaşalarım hazırda da repertuardadır və tamaşalarım oynanılan zaman teatra gedir, onları izləyirəm. Lakin geri dönmək məsələsi ilə bağlı hələlik konkret heç nə demək istəmirəm. Bu məsələdə müəyyən qədər küskünlüyüm var və məhz buna görə də hələlik susmağa üstünlük verirəm.

- Tez-tez belə bir fikir səslənir ki, Azərbaycan kinosunun dirçəlməsi üçün əsas şərt maliyyədir - “pul, pul, pul”. Sizcə, həqiqətən əsas amil budur, yoxsa daha vacib məqamlar var?

- Azərbaycan filminin inkişafı üçün maliyyə, əlbəttə ki, əhəmiyyətlidir. Pul olmasa, insan öz arzularını və istəklərini tam şəkildə reallaşdıra bilmir, istər-istəməz çətinliklərlə üzləşir. Bu, danılmaz bir reallıqdır. Lakin hesab edirəm ki, kino sənayesinin tam inkişafı üçün puldan daha vacib bir məqam var, bu da ssenaridir. Bizim yaxşı ssenarilərə ciddi ehtiyacımız var. Sevindirici haldır ki, bu gün artıq ssenaristlərimiz var və getdikcə bu sahədə müəyyən irəliləyişlər hiss olunur. Mən şəxsən görürəm ki, son dövrlərdə maraqlı və keyfiyyətli filmlər çəkilir, hətta xoşuma gələn işlər də az deyil. Ümumilikdə hesab edirəm ki, Azərbaycan kinosu inkişaf mərhələsindədir. Bu proses asan deyil, çətin bir dövrdən keçirik. Amma bütün çətinliklərə baxmayaraq, inkişaf var və xüsusilə də gənclər arasında bu irəliləyiş daha aydın hiss olunur.

- Uşaq filmləri sahəsində isə demək olar ki, ciddi boşluq hiss olunur. Bu barədə nə düşünürsünüz?

- Bir qədər öncə qeyd etdiyim kimi, maliyyə ilə bağlı müəyyən çətinliklər mövcuddur. Hazırda film çəkə bilməməyimin əsas səbəbi də məhz maliyyə problemləri və sponsor tapmaqda yaşanan çətinliklərdir. Əlbəttə ki, ideyalarım var, planlarım və böyük arzularım var. Hətta Sevda Sultanova ilə birlikdə düşündüyümüz, üzərində işlədiyimiz müəyyən ideyalar da olub. Lakin təəssüf ki, hazırda bu ideyalar yalnız arzu səviyyəsində qalır. Çünki kino istehsalı kifayət qədər ciddi maliyyə tələb edən bir sahədir və sponsor dəstəyi olmadan bu layihələri reallaşdırmaq çox çətindir. Nə zaman ki, uyğun sponsor taparam və lazımi razılaşmalar əldə olunar, o zaman həmin ideyaları gerçəkləşdirərək film çəkə biləcəyəm.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR