AKP sözçüsü Ömər Çelik İran ətrafında artan gərginlik fonunda Ankaranın mövqeyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü MKYK iclasından sonra jurnalistlərə deyib ki, Türkiyə İrana qarşı istənilən xarici müdaxiləni, o cümlədən xaricdən yönləndirilən çevriliş cəhdlərini qətiyyən qəbul etmir.
Çelik bildirib ki, Ankara İranla bağlı prosesləri yaxından izləyir və vəziyyət ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, həm birbaşa müdaxilə, həm də xaricdən idarə olunan “çevriliş ssenarisi” İran üçün ağır nəticələr verə bilər.
AKP sözçüsü vurğulayıb ki, belə addımlar təkcə İranı deyil, bütün regionu sarsıda bilər. O qeyd edib ki, bu, sabitliyi poza, yeni böhranlar və qarşıdurmalar üçün zəmin yarada bilər. Çelik region ölkələrinin suverenliyinə hörmətin vacibliyini də xüsusi vurğulayıb.
Ömər Çelik əlavə edib ki, Türkiyə Yaxın Şərqdə yeni münaqişə ocaqlarının yaranmasını istəmir və İranın sabitliyi regionun ümumi təhlükəsizliyi üçün önəmlidir. Onun sözlərinə görə, problemlər yalnız daxili siyasi iradə və qanuni mexanizmlər çərçivəsində həll olunmalıdır.
Musavat.com






