Ermənistan İqtisadiyyat Naziri Gevorg Papoyan Azərbaycandan neft məhsullarının Ermənistana ilk partiyasının gətirildiyini təsdiqləyib.
Musavat.com erməni mətbuatına istinadən bildirir ki, bu barədə nazir Gevorg Papoyan sosial mediada qeyd edib.
Məlumatda qeyd olunur ki, Azərbaycanın Aİ-95 markalı benzini ilə yüklənmiş 22 vaqonluq qatar Gürcüstan vasitəsilə Ermənistana daxil olub və bu, ölkələr arasında sülh bərqərar olduqdan sonra iqtisadi ticarətin bir hissəsi kimi xarakterizə edilir.
Beləliklə, göründüyü kimi Azərbaycan Ermənistana ixracı artırır.
Bu proses siyasi yaxınlaşmanın iqtisadi təzahürüdürmü, yoxsa sırf bazar seçimidir?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb:
“Bu hadisə həm sülh prosesinin bir tərkib hissəsi, həm də ölkələr arasında kommunikasiyaların açılması üçün atılmış önəmli addımdır. Eyni zamanda bu, Azərbaycanın iqtisadi maraqları baxımından da əhəmiyyətli bir biznes layihəsidir. Belə ki, Azərbaycandan Ermənistana gedən yanacaq bazarda daha ucuz qiymətə satılır.
Ermənistanda yanacaq qiymətləri dövlət tərəfindən tənzimlənmir, bazar mexanizmləri ilə müəyyən olunur. Azərbaycan yanacağı isə bazarda ən sərfəli qiymətə malikdir, bu səbəbdən bəzi stansiyalarda hətta növbələr yaranır.
Beləliklə, proses bir neçə aspektdə əhəmiyyət daşıyır:
- Siyasi və diplomatik aspekt - bu, Azərbaycanın Ermənistanla sülh və əməkdaşlıq prosesinə töhfə verməsi, qarşılıqlı kommunikasiyaların açılması deməkdir.
- İqtisadi aspekt - Azərbaycan üçün bu, gəlir gətirən və biznes maraqlarını təmin edən bir layihədir.
- Regionda əlaqələrin möhkəmlənməsi - ucuz yanacağın təmin edilməsi və qarşılıqlı ticarət fəaliyyəti ölkələr arasında münasibətlərin daha stabil və davamlı olmasına zəmin yaradır.
Beləliklə, bu təşəbbüs həm sülh prosesinin irəliləməsi, həm kommunikasiyaların açılması, həm də ikili iqtisadi faydanın təmin olunması kimi qiymətləndirilə bilər. Bu həm siyasi, həm iqtisadi, həm də regional əlaqələrin inkişafı üçün əhəmiyyətli bir təməldir”.
Xalidə Gəray
Musavat.com






