İtaliya, Belçika, Malta və Bolqarıstan Avropa Komissiyası və Avropa Şurasına birgə müraciət hazırlayaraq Ukraynaya dəstəyin alternativ mexanizmlərinin araşdırılmasına çağırıb.
Sözügedən ölkələr Rusiyanın dondurulmuş aktivlərindən istifadə planına qarşı çıxıblar.
Musavat.com "Politico" nəşrinə istinadən xəbər verir ki, İtaliya və Belçika Ukraynanın maliyyələşdirilməsi üçün alternativ variantın tapılması məqsədilə səylərini birləşdirib.
Bu iki ölkə, eləcə də Malta və Bolqarıstan birgə bəyanat hazırlayaraq Avropa Komissiyası və Avropa Şurasını Belçikanın "Euroclear" depozitarisində saxlanılan dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsindən imtina etməyə çağırıb. Nəşr bu barədə sərəncamında olan daxili sənədə istinad edir.
Bəyanatda dörd ölkə Avropa İttifaqının qanunvericiliyinə və beynəlxalq hüquqa uyğun, riskləri xeyli az olan və proqnozlaşdırıla bilən parametrlərə malik alternativ variantların araşdırılmasının və müzakirəsinin davam etdirilməsini təklif edir. Sənəd müəllifləri yaxın illərdə Ukraynanın maliyyələşdirilməsi üçün Aİ-nin birgə istiqrazlarının buraxılmasını nəzərdə tutan "B planı"na diqqətin yönəldilməsinə çağırır.
"Politico" qeyd edir ki, təklif olunan alternativ variant problemli hesab olunur, çünki bu, onsuz da yüksək olan İtaliya və Fransanın dövlət borcunu daha da artıra bilər. Bundan əlavə, belə bir qərar yekdillik tələb edir ki, bu da Macarıstanın baş naziri Viktor Orbanın veto qoyması ehtimalını gündəmə gətirir.
Eyni zamanda, Aİ-nin ən iri ölkələrindən biri olan İtaliyanın Belçikanın mövqeyini dəstəkləməsi Avropa İttifaqı liderlərinin Brüsseldə keçiriləcək həlledici görüşünə bir həftədən də az qalmış Avropa Komissiyasının razılaşma əldə etmək planını sarsıda bilər.
Musavat.com






