Amerika Birləşmiş Ştatları Avropa tərəfdaşları ilə birlikdə mümkün sülh müqaviləsindən sonra Ukraynanı dəstəkləmək planını əks etdirən iki sənəd hazırlayıb.
Musavat.com xəbər verir ki, bu, The New York Times-ın mənbələrinə istinadən hazırladığı materialda yer alıb. Nəşrin məlumatına görə, plan Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsini, yeni - mümkün Rusiya işğalının qarşısını almaq üçün Ukrayna ərazisinə Avropa qoşunlarının yerləşdirilməsini və Amerika kəşfiyyat imkanlarının daha fəal şəkildə cəlb edilməsini nəzərdə tutur.
NYT mənbələrinin "əməliyyat hərbi planı" adlandırdığı sənədlərdən birində Rusiyanın əlavə əraziləri ələ keçirməyə cəhd etməsinin qarşısını almaq üçün ABŞ və Avropa qüvvələri ilə Ukrayna Silahlı Qüvvələri arasında əməkdaşlıq üçün ətraflı müddəalar var. Heç bir sənəd hələlik ictimaiyyətə açıqlanmayıb. Lakin məlumatlı mənbələrə görə, onlarda mümkün yeni Rusiya işğalının müxtəlif ssenariləri üçün konkret direktivlər var. Adı çəkilməyən ABŞ rəsmisi qeyd edib ki, onlar gələcək hücumların qarşısını almaq və onların yenidən başlamasına cavab vermək üçün mexanizmləri "çox aydın şəkildə" müəyyən ediblər.
Əsas məqsədlərdən biri sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayını 800.000-ə çatdırmaqdır. Qeyd olunur ki, buna nail olmaq üçün Ukrayna tərəfdaşlarından sabit və əhəmiyyətli dəstəyə ehtiyac duyacaq. Avropalı diplomat sənədlərdə Kiyev tərəfindən tələb olunan konkret silahların və hərbi imkanların siyahısının olduğunu, lakin təfərrüatları vermədiyini bildirib.
Planda həmçinin Ukrayna ərazisində fəaliyyət göstərə biləcək Avropa təhlükəsizlik qüvvələrinin rolu, xüsusən də hava və dəniz təhlükəsizliyini təmin etmək üçün təsvir olunur. Bu cür bölmələrin əsasən ölkənin qərbində yerləşməsi gözlənilir, lakin iştirakçı dövlətlərin siyahısı hələ müəyyən edilməyib.
Moskvanın hərbi əməliyyatları bərpa etmək üçün bəhanə kimi istifadə edə biləcəyi mümkün saxta bayraq əməliyyatlarının(Başqa ölkə qüvvələrinin atəşkəsi pozması görüntüsü yaradılması halı nəzərdə tutulur –red.) müəyyən edilməsində ABŞ-ın iştirak mexanizmləri ayrıca qeyd olunub.
Avropa rəsmiləri qeyd edirlər ki, ABŞ danışıqçıları və ABŞ prezidenti Donald Trampla əməkdaşlıq son zamanlar xeyli yaxşılaşıb.
Biz real və konkret irəliləyiş görürük. Bu, Ukrayna, Avropa və ABŞ-ın əlaqələndirilmiş hərəkətləri sayəsində mümkün olub", - deyə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib.
Musavat.com






