İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna üçün tarixi dönüş: 10 milyard avroluq 160 saziş imzalandı

971 26.06.2026 22:18 Dünya A A

Polşanın Qdansk şəhərində Ukraynanın bərpasına həsr olunmuş iki günlük beynəlxalq konfrans (Ukraine Recovery Conference - URC 2026) başa çatıb. Səfər çərçivəsində ümumi məbləği 10 milyard avrodan çox olan 160 saziş imzalanıb.

Musavat.com xəbər verir ki, bu barədə iyunun 26-da, cümə günü Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Baş nazirin birinci müavini - iqtisadiyyat naziri Yuliya Sviridenko öz rəsmi "Telegram" kanalında məlumat verib.

Əldə olunmuş əsas nəticələr sırasına Avropa İttifaqının yeni maliyyə aləti çərçivəsində Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşın köçürülməsi və Dünya Bankı ilə 3,4 milyard dollarlıq sazişin imzalanması daxildir.

Bundan əlavə, Ukraynanın Bərpası üzrə Avropa Flaqman Fondu fəaliyyətə başlayıb və "Ukraine Transport Support Fund" (Ukrayna Nəqliyyat Dəstək Fondu) təsis edilib. Tərəfdaşlar mənzil proqramlarının icrası üçün 140 milyon avro ayırıblar.

Energetika sahəsinə gəlincə, Ukraynanın energetika naziri Denis Şmıqalın verdiyi məlumata görə, konfrans çərçivəsində Ukrayna dövlət və özəl enerji şirkətlərinin xarici tərəfdaşlarla ümumi dəyəri 1 milyard avrodan çox olan 30-a yaxın sazişi hazırlanıb.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) ekspertlərinin hesablamalarına görə, 2022-ci ildən bəri hər il keçirilən analoji konfranslarda qrantlar, kreditlər, zəmanətlər və müxtəlif proqramlar şəklində ümumilikdə təxminən 200 milyard dollar dəyərində yardım elan edilib. Qdansk razılaşmaları bu məbləği daha ən azı 11,3 milyard dollar artırır.

Bu ilin fevral ayında dərc edilmiş "Dəymiş ziyanın və bərpa ehtiyaclarının operativ qiymətləndirilməsi" (RDNA5) adlı hesabata əsasən, Ukraynaya növbəti on il ərzində bərpa işləri üçün təxminən 588 milyard dollar vəsait lazımdır. Bu isə ölkənin 2025-ci il üçün qeydə alınan ÜDM-nin (Ümumi Daxili Məhsul) təxminən üç qatına bərabərdir. Ən böyük maliyyə ehtiyacı nəqliyyat sektorunun (96 milyard dollardan çox) və energetika sahəsinin (təxminən 91 milyard dollar) payına düşür. Hər iki göstərici 2025-2026-cı illərin qışında Rusiyanın limanlara, dəmir yollarına və enerji sistemi obyektlərinə endirdiyi zərbələrdən sonra kəskin şəkildə artıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR