İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan sonra Cənubi Qafqaz: yeni oyun, yeni risklər

6417 13.01.2026 14:43 Region A A

Bəllidir ki, Rusiya–Ukrayna müharibəsi başa çatdıqdan sonra bir sıra regionlarda olduğu kimi, Cənubi Qafqazda da oyun qaydaları köklü şəkildə dəyişəcək. Şübhəsiz ki, bu dəyişikliklər fonunda Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi regional gündəmi formalaşdıran əsas aktorlardan biri olacaq.

Amma istənilən halda regionda artan geosiyasi rəqabət, böyük güclərin maraqlarının toqquşması Bakını hər zaman olduğu kimi daha dəqiq, çevik və diqqətli olmağa vadar edir.

Müharibədən sonra Rusiyanın regiondakı təsiri xeyli azalacaq, lakin bu, Moskva faktorunun heç bir halda tamamilə aradan qalxması anlamına gəlməyəcək. Azərbaycan üçün əsas məsələ indiyədək yürütdüyü, böyük güclər arasında açıq tərəf tutmadan, milli maraqlara əsaslanan balanslı siyasəti davam etdirmək olacaq. Bunun isə o qədər də asan başa gəlməyəcəyi indidən bəllidir.

O da faktdır ki, Rusiya–Ukrayna müharibəsi Türkiyənin regional rolunu əhəmiyyətli dərəcədə gücləndirib. Bu reallıq fonunda Azərbaycan–Türkiyə münasibətləri sadəcə qardaşlıq və siyasi həmrəylik çərçivəsindən çıxaraq daha sistemli təhlükəsizlik və iqtisadi əməkdaşlıq modelinə çevrilib.

Müharibədən sonrakı mərhələdə İranın Cənubi Qafqazla bağlı həssaslığının artacağı şübhəsizdir. Azərbaycan bütün qonşuları ilə yaxın münasibətlər qurmaqda daim maraqlı olduğu kimi, İranla bağlı da eyni siyasi xətti yürüdür.

Bütün bunlardan çıxış etsək, görərik ki, Rusiya–Ukrayna müharibəsindən sonra Cənubi Qafqaz daha təhlükəsiz deyil, daha mürəkkəb bir mərhələyə daxil olacaq.

Kremlin Güney Qafqaz xiffəti » Məhəmməd Ərsoyun BLOQU

Politoloq Züriyə Qarayeva Musavat.com-a bildirib ki, Rusiya–Ukrayna müharibəsindən sonra Cənubi Qafqazda güc mərkəzləri arasındakı balans dəyişir və region yeni təhlükəsizlik arxitekturasına daxil olur:

"Bu şəraitdə Azərbaycan yalnız mövcud situasiyaya reaksiya verən deyil, prosesləri yönləndirən aktora çevrilməlidir. Bakı üçün əsas məsələ böyük güclər arasında manevr imkanlarını qorumaqla yanaşı, Ermənistanla sülh sazişi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması kimi həyati məsələləri hüquqi çərçivəyə salmaqdır.

Azərbaycan həm Türkiyə ilə strateji müttəfiqliyi institusionallaşdırmalı, həm də Rusiya və İranla münasibətləri gərginlikdən uzaq, maraqlara əsaslanan dialoq üzərində qurmalıdır. Bu yanaşma dövlətin regional oyun qaydalarını öz maraqları çərçivəsində formalaşdırmasına imkan verəcək.

Digər tərəfdən, yeni mərhələdə enerji, nəqliyyat və logistika layihələri Azərbaycanın geosiyasi çəkisini artıran əsas alətlərə çevrilir. Orta Dəhliz, liman infrastrukturu və Avropanın enerji təhlükəsizliyində Bakının artan rolu Azərbaycan üçün strateji üstünlük yaradır. Lakin bütün bu imkanların reallaşması yalnız daxili sabitlik, güclü dövlət institutları və sosial-iqtisadi dayanıqlıq fonunda mümkündür. Regionda rəqabətin artdığı indiki dövrdə Azərbaycan üçün ən doğru yol riskləri idarə edən, tarixi fürsətləri vaxtında dəyərləndirən çevik, çoxşaxəli və praqmatik yol xəritəsidir".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR