ABŞ prezidenti Donald Tramp Ukraynanın müəyyən ərazilərinin yaxın aylarda Rusiyanın nəzarətinə keçə biləcəyini istisna etmədiyini bildirib.
Musavat.com xəbər verir ki, Tramp Avropa tərəfdaşları ilə Kiyev üçün təhlükəsizlik təminatları mövzusunun müzakirə olunduğunu da qeyd edib.
O xatırladıb ki, daha əvvəl Müqəddəs Şükranlıq Gününü Ukraynanın sülh razılaşmasına razılıq verə biləcəyi tarix kimi göstərmişdi, lakin həmin bəyanatından geri çəkilərək əsas məqsədinin mümkün qədər tez razılaşmaya nail olmaq olduğunu deyib.
“Mənim üçün müddət müharibənin bitdiyi andır”, - deyə Donald Tramp əlavə edib.
Siyasi ekspertlər Donald Trampın “Ukraynanın müəyyən əraziləri yaxın aylarda Rusiyanın nəzarətinə keçə bilər” bəyanatını necə qiymətləndirir? Tramp bu bəyanatla Ukraynanı danışıqlara məcbur etməyə çalışır, yoxsa sadəcə reallığı dilə gətirir? Ümumiyyətlə, Ukraynanın ərazi güzəşti etməsi real görünürmü? Əgər belə olarsa, bu, Avropada yeni presedent yarada bilərmi?

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a danışıb.
Politoloq qeyd edib ki, ərazi güzəşti Avropa ölkələrində, eləcə də digər regionlarda presedent yaradacaq:
“ABŞ prezidenti Donald Trampın 28 maddəlik sülh planı 19 maddəyə endirilir və bu çərçivədə Avropa, Ukrayna və Amerika nümayəndələri Cenevrədə görüş keçiriblər. Donald Tramp yenə də bildirir ki, Ukrayna torpaq güzəştinə getməlidir. Torpaq və ərazi güzəşti Avropa ölkələrində, eləcə də digər regionlarda presedent yaradacaq. Bu isə faktiki olaraq Rusiyanın qələbəsi anlamına gələcək. Çünki Rusiya yenə də gücdən istifadə edərək başqa ölkənin ərazisini işğal edəcək və yenidən danışıqlar prosesinin keçirilməsinə çalışacaq. Prosesin mahiyyəti bundan ibarətdir.
Tramp deyir ki, onun üçün əsas məqsəd müharibəyə son qoymaqdır. Amma müharibə beynəlxalq hüquqa və ədalət prinsiplərinə uyğun həll olunmalıdır. Lakin Donald Tramp bunu görməzlikdən gəlir. Aydın olur ki, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff birbaşa Rusiyanın lobbiçiliyini aparır və Ağ Evdə Trampa təsir edir”.
Politoloq bildirir ki, bu gün Trampın dedikləri beynəlxalq hüquqa və ədalət prinsiplərinə tamamilə ziddir:
“Təbii ki, Avropa ölkələri buna razılıq verməyəcək, Ukrayna isə heç vaxt buna imkan yaratmayacaq. Bu, güc yolu ilə ərazilərin dəyişdirilməsi, suverenliyin itirilməsi və bütöv bir ölkənin mövcudluğunun sual altına qoyulması deməkdir.
Təəssüf ki, Donald Tramp bu istiqamətdə addım atmağa çalışır və Rusiya da bununla tam razıdır. Lakin Trampın bu siyasəti ABŞ-ın geosiyasi etibarlılığını zəiflədəcək, bir çox ölkələr artıq Amerikaya güvənməyəcək. Eyni zamanda Putin bununla Avropa və Amerika arasında dərin böhran və fikir ayrılığı yaratmış olur”.
Xalidə Gəray
Musavat.com






