İnsanlara hürriyət, millətlərə istiqlal!

UNESCO əməkdaşlığı davam etdirmək istəyir, Azərbaycan isə...  

405 04.12.2025 19:18 Dünya A A

UNESCO-nun Baş direktorunun müavini Lidiya Brito dekabrın 4-də Bakıda keçirilən Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Yusif Məmmədəliyev:Elm.irs. innovasiyalar” adlı beynəlxalq konfransda deyib ki, UNESCO elm, təhsil və mədəniyyətin inkişafı sahəsində Azərbaycanla uzunmüddətli tərəfdaşlığını yüksək qiymətləndirir və bu əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyir.

Qeyd edək ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 3 iyun 1992-ci il tarixində UNESCO-ya üzv qəbul edilib və UNESCO-nun 14 Konvensiyasına qoşulub.
Ölkəmiz təşkilatla elm, təhsil, mədəniyyət, kommunikasiya və informasiya, gender bərabərliyi kimi sahələrdə əməkdaşlıq edir.



Azərbaycan tərəfi UNESCO ilə əməkdaşlığa, tərəf çıxdığı konvensiyalardan irəli gələn vəzifələrin icrasına və xüsusilə də mədəni irsin qorunması ilə bağlı öhdəliklərinə hər zaman sadiqlik nümayiş etdirib. Ölkəmiz uzun illər ərzində öz təcrübəsi və iştirakı ilə həm Azərbaycanda, həm də qlobal miqyasda mədəni irsin bərpası və qorunması istiqamətində təşkilatın fəaliyyətinə ciddi töhfələr verib.
Lakin Azərbaycan 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət edərək işğal olunmuş ərazilərimizdə məscidlərimizin və tarixi abidələrimizin işğalçılar tərəfindən dağıdıldığını, erməniləşdirildiyini bildirsə də, təşkilat bir dəfə də olsun missiya göndərməyib. Uzun illər Azərbaycanın missiya ilə bağlı çağırışlarına cavab verilməyib. UNESCO-ya Azərbaycan tərəfindən ünvanlanmış çoxsaylı müraciətlərə baxmayaraq, işğaldan azad edilmiş ərazilərə hələ də bu missiya göndərilməyib.
Bu ilin noyabr ayında Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin (ÜİK) 2025-2029-cu illər üzrə üzvü seçilib. Rəsmi məlumata əsasən, seçkilərdə Şərqi Avropa regionu üçün ayrılmış bir yer uğrunda Azərbaycanla birgə 5 ölkə mübarizə aparıb. Azərbaycan səsvermənin ilk mərhələsində 160 ölkədən 92-nin dəstəyini təmin edərək Komitəyə üzv seçilib. Azərbaycan seçkilərdə 92 səs toplamaqla Çexiya (28 səs), Ermənistan (21 səs), Polşa (11 səs) və Sloveniyadan (9 səs) önə çıxıb. Xatırladaq ki, 21 üzv ölkədən ibarət olan Komitə UNESCO-nun Ümumdünya İrs Konvensiyasının həyata keçirilməsinə nəzarəti həyata keçirən əsas icra orqanıdır. Komitənin başlıca vəzifəsi UNESCO Ümumdünya İrs Siyahısının formalaşdırılması, dünya əhəmiyyətli mədəni və təbii irsin tanınması, qorunması və gələcək nəsillərə ötürülməsi üzrə fəaliyyətləri tənzimləməkdir. Komitə həmçinin Ümumdünya İrs Fondunun vəsaitlərinin istifadə istiqamətlərini müəyyən edir və tərəflərin müraciəti əsasında layihələrə maliyyə dəstəyi ayırır. Bu dəstək konservasiya işlərindən tutmuş, idarəetmə planlarının hazırlanmasına, fövqəladə hallarda yardım və müvafiq strukturların potensialının gücləndirilməsi kimi önəmli sahələri əhatə edir.
Azərbaycan 2015-2019-cu illərdə də UNESCO Komitəsinin üzvü olub və onun fəaliyyətlərinə əhəmiyyətli töhfələr verib. Eyni zamanda, 2019-cu ilin iyul ayında ölkəmiz Komitənin 43-cü sessiyasına ev sahibliyi edib.

Milli Məclisin deputatı Tural Gəncəliyev Musavat.com-a UNESCO rəsminin fikirlərini şərh edərkən bildirib ki, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərinə təcavüzü dövründə, hətta 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra da UNESCO-nun Azərbaycana münasibəti qərəzli olub. Deputat hesab edir ki, UNESCO rəsmisinin bəyanatı fərqli mövqe nümayiş etdirmək istəyindən irəli gəlir:
“Ümid edək ki, UNESCO etdiyi səhvlərdən dərs çıxaracaq. Xüsusilə, onu qeyd etmək lazımdır ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və Ermənistanla sülh prosesi istiqamətində mühüm addımlar atır. UNESCO ilə xüsusilə elm, təhsil, mədəniyyət sahələrində problemli məsələlər olmadığı üçün əməkdaşlıq etmək olar. Müvafiq qurumlar tərəfindən müəyyənləşdirilmiş yol xəritəsi əsasında əməkdaşlıq qurula bilər.



UNESCO-nun siyasi manipulyasiya alətinə çevrildiyinin şahidi olmuşuq. Ancaq yeni dövrdə, xüsusilə Azərbaycanın sülh gündəminə sadiqliyini nümayiş etdiyi dönəmdə prosesə töhfə verə biləcək partnyorların, beynəlxalq təşkilatların, beynəlxalq ictimaiyyətin rolunu yüksək qiymətləndirmək olar. Sözügedən təşkilat sırf elm, təhsil, mədəniyyət məsələləri ilə məşğul olduğu üçün sülh gündəminin həm də bu istiqamətlərdə qurulması və xüsusilə yumşaq güc hesab olunan adıçəkilən sahələrlə bağlı etimad quruculuğu tədbirlərinin keçirilməsi istiqamətində əməkdaşlıq qurula bilər”.
Qeyd edək ki, Azərbaycanın 5 maddi mədəni irs sərvəti Ümumdünya mədəni irs siyahısındadır:

Musavat.com UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına istinadən sözügedən sərvətlərin siyahısını təqdim edir:

İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi
Qobustan Qaya Sənəti Mədəni Landşaftı
Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi
Xınalıqlıların Mədəni Landşaftı və “Köç yolu” Marşrutu
Hirkan meşələri
UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında isə ölkəmiz 24 elementlə ön sıradadır:
Azərbaycan muğamı
Azərbaycan aşıq sənəti
Novruz Bayramı
Azərbaycan Respublikasında ənənəvi xalçaçılıq sənəti
Simli musiqi aləti tarın hazırlanma və ifaçılıq sənəti
Çovqan ənənəvi Qarabağ atüstü oyunu
Qadın ipək baş örtüyü kəlağayının hazırlanması və simvolikası
Lahıc misgərlik sənəti
Nazik çörəyin hazırlanması və paylaşılması mədəniyyəti – lavaş, katrıma, jupka, yufka
Mədəni kimliyin göstəricisi dolmanın bişirilməsi və paylaşılması ənənəsi
Kamança simli musiqi alətinin hazırlanma və ifaçılıq sənəti
Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri
Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi
Miniatür sənəti
Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti
Çay mədəniyyəti (çay) - şəxsiyyətin, qonaqpərvərliyin və sosial qarşılıqlı əlaqənin simvolu
Pəhləvanlıq mədəniyyəti: ənənəvi zorxana oyunları, idman və güləş
Nəsrəddin Hoca ənənəsi/ Molla Nəsrəddin/ Molla Əpendi/ Əpendi/ Əfəndi Kozanasır Lətifələr
İpəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı
İncəsənət İllüminasiyası: Təzhib/Tazhib/Zarhalkori/Tezhip/Naqqoshlik
Balaban/mey sənətkarlığı və ifaçılıq sənəti
Sədəf sənətkarlığı
İftar/Eftari/İftar/İftor və onun sosial-mədəni ənənələri
Azərbaycanda təndir sənətkarlığı və çörək bişirmə

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR