Bir neçə gün əvvəl Bakıda əyləncə mərkəzində ağır qəza baş verib. Hadisə zamanı paytaxt sakinləri 2008-ci il təvəllüdlü Kamal Səfərli və 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadənin idarə etdiyi kartinq maşınları toqquşub. Hadisə nəticəsində K.Səfərli aldığı ağır kəllə-beyin travmasından yerində ölüb.
Qəza avtomobillərdən birində yaranmış qəfil nasazlıq səbəbindən baş verib. Uşaqlar üçün nəzərdə tutulan bir əyləncə məkanının faciə yerinə çevrilməsi təhlükəsizlik tədbirlərinin yetərli olub-olmaması sualını gündəmə gətirir.
Əyləncə mərkəzlərində qəzaların baş verməməsi üçün hansı tədbirlər görülməlidir? Mərkəzdəki vasitələrə baxış hansı vaxt aralığında keçirilməlidir?

Mövzu ilə bağlı təhülkəsizlik üzrə ekspert Orxan Musayev Musavat.com-a danışıb. Ekspert qeyd edib ki, kartinq çox zaman əyləncə kimi təqdim olunur və insanlar bunu sadə bir oyun kimi qəbul edirlər. Lakin reallıqda kartinq mühərriki sürəti olan, ciddi risk daşıyan texniki vasitədir:
“Ona görə də təhlükəsizlik məsələsi heç zaman ikinci planda qala bilməz. Baş verən faciə də göstərir ki, bəzi kartinq mərkəzlərində təhlükəsizlik sistemləri düzgün şəkildə qurulmayıb və ya formal yanaşmalar mövcuddur.
Kartinqdə təhlükəsizlik məsələsi kartinqin texniki vəziyyətinin sazlığından başlayır. Hər kartinq trassaya çıxmazdan əvvəl mütləq yoxlanılmalı, işlək vəziyyətdə olmalıdır. Sükanda boşluq yaranmamalı, qaz pedalı ilişməməlidir. Xüsusilə yeniyetmələr üçün kartinqin sürəti mütləq məhdudlaşdırılmalıdır. Uşaqlar üçün nəzərdə tutulmuş sürət həcmi müəyyən olunmalıdır, yəni bütün bu məsələlər dəqiq şəkildə həyata keçirilməlidir; təxmini işlər həmişə risklərə şərait yaradır”.
Orxan Musayev vurğulayıb ki, kartinqdən istifadədən öncə məcburi təlimlər keçirilməlidir: “İştirakçılara kartinqdən istifadə etməzdən əvvəl onlara təhlükəsizliklə bağlı izahatlar verilməlidir. Bu izahatlar aydın və başa düşülən şəkildə təşkil olunmalıdır. Təhlükə zamanı davranış qaydaları ətraflı şəkildə izah edilməlidir. Xüsusilə uşaqlara izah olunmalıdır ki, panika zamanı qazı sıxmamalıdırlar; əksinə, yavaşlamağı bacarmalıdırlar. Təbii ki, kartinq meydançasının quruluşu təhlükəsizlik standartlarına uyğun olmalıdır. Kartinq meydançası beton və ya metal baryerlərlə əhatə olunmamalıdır, çünki toqquşma zamanı zərbəni udan qoruyucu baryerlər olmalıdır. Təhlükəli döngələrdə də əlavə qoruma qurulmalıdır. Əgər toqquşma ölümlə nəticələnibsə, bu artıq onu göstərir ki, kartinq meydançası təhlükəsizlik tələblərinə uyğun qurulmayıb və risklər real şəkildə qiymətləndirilməyib. Kartinq mərkəzlərində proses öz axarına buraxılmamalıdır. Meydançada daim nəzarət edən təlim keçmiş personal olmalıdır. Qəza baş verən kimi dərhal hərəkət dayandırılmalıdır. Əgər bir meydançada iştirakçı yıxılıb qalıbsa, digərlərinin hərəkətinə davam etməsinə icazə vermək son dərəcə təhlükəlidir. Bu dünyada qəbul edilmiş elementar qaydadır. Yəni hər hansı bir bədbəxt hadisə baş verərsə, dərhal proses dayandırılmalıdır”.
Orxan Musayev bildirib ki, bu məsələdə qoruyucu vasitələr formal deyil, real şəkildə tətbiq olunmalıdır: “Dəbilqələr uşaqların başına uyğun olmalı, boşluq olmamalıdır. Boyun qoruyucuları düzgün taxılmalı, təhlükəsizlik kəmərləri işlək vəziyyətdə olmalıdır. Təbii ki, bəzi mərkəzlərdə bu vasitələr yalnız görüntü üçün verilir, lakin təhlükəsizlik göstərişi deyil, nəticədir. Yeniyetmələrə aid məsuliyyət ciddidir. Onlar böyüklərlə eyni şərtlərdə meydançaya buraxılmamalıdır. Yaşa uyğun kartinqlərdən istifadə edilməlidir, çünki yaşa uyğun kartinqlərdə sürət limiti tənzimlənmiş olmalıdır. Validənlər də diqqətli olmalıdır. Uşağı kartinqə buraxmazdan əvvəl kartinq istifadəsinə hazırlıqlı olub-olmadığını yoxlamalı, suallar verərək bu hazırlığı sınamalıdırlar”.
Xalidə Gəray
Musavat.com






