Ermənistanda revanşist mövqeyi ilə tanınan müxalifətçi, “Vətən” partiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsinə qarşı addımlarını “konstitusiya quruluşunun devrilməsi” kimi qiymətləndirib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Vanetsyanın iddiasına görə, Paşinyanın Erməni Apostol Kilsəsinin “transformasiyası” adı altında 10 yepiskopun iştirakı ilə koordinasiya şurası yaratması və bu qurum vasitəsilə katolikosun uzaqlaşdırılmasını nəzərdə tutan “yol xəritəsi”ni təsdiqləməsi dövlətin dünyəvi əsaslarına ziddir və hüquq-mühafizə orqanları buna reaksiya verməlidir.
O iddia edib ki, Paşinyan birbaşa yollarla katolikosu kənarlaşdırmağın mümkün olmadığını anlayaraq müxtəlif komissiyalar və şuralar vasitəsilə kilsədaxili parçalanma prosesini başlatmağa çalışır.
Qeyd edək ki, Paşinyanla hazırkı katolikos II Qaregin arasında münasibətlər xüsusilə Qarabağ məsələsi fonunda kəskinləşib. 2020-ci ildə Qarabağ müharibəsindən sonra II Qaregin Paşinyanı istefaya çağırıb.
Musavat.com






