İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyan apelyasiya ŞİKAYƏTİ verməyəcək – SƏBƏB və ŞƏRH

740 25.02.2026 19:00 Kriminal A A

Azərbaycan məhkəməsinin terrorçuluq, qanunsuz silahlı birləşmələrin maliyyələşdirilməsi və ölkənin suverenliyinə qarşı yönəlmiş fəaliyyətlə bağlı ittihamlar əsasında Ruben Vardanyan barəsində çıxardığı hökm Cənubi Qafqazın ən səs-küylü hüquqi qərarlarından biri oldu. Bu hökm təkcə bir şəxsin taleyi ilə bağlı deyildi. Bu, uzun illər Qarabağda qurulmuş separatçı strukturlarının hüquqi qiymətləndirilməsi idi. İndi isə Ermənistan mediasının yaydığı yeni məlumatda Ruben Vardanyan apelyasiya şikayəti verməyəcəyi vurğulanır.

Bu qərar zahirən hüquqi prosedurdan imtina kimi görünür. Hüquqi baxımdan bu, hökmün yenidən qiymətləndirilməsi üçün son şans sayılır. Vardanyanın bu hüquqdan imtinası o deməkdir ki, o, məhkəmənin qərarını faktiki olaraq qəbul edir.

Ermənistan mediası və Vardanyanın ailəsi qərarı belə izah etməyə çalışır ki, guya apelyasiya verməmək hökmü qəbul etmək anlamına gəlmir və bu addım prosesi legitimləşdirməmək məqsədi daşıyır. Lakin hüquqi reallıq fərqlidir. Apelyasiya mexanizmi məhz məhkəmə səhvlərini düzəltmək üçün mövcuddur. Əgər şəxs özünü tam günahsız hesab edirsə, məntiqi addım hökmün ləğvi üçün bütün hüquqi vasitələrdən istifadə etməkdir. İmtina isə faktiki olaraq hökmün qüvvədə qalmasını təmin edir.

Ruben Vardanyan təkcə Qarabağdakı qanunsuz rejimin keçmiş “dövlət naziri” deyildi. O, Rusiya biznes və siyasi elitası ilə sıx əlaqələri olan milyarder kimi tanınırdı. Onun Qarabağa gəlişi təsadüfi addım deyildi. Bu, regionda geosiyasi təsir rıçaqlarının qorunmasına yönəlmiş layihə kimi qiymətləndirilirdi. Məhz buna görə də onun məhkəməsi Ermənistan daxilində və diaspor dairələrində emosional reaksiya doğurub. Lakin emosiyalar hüquqi faktları dəyişmir. Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərmiş, separatçı strukturların maliyyələşdirilməsində və idarə olunmasında rol oynamış şəxslərin məsuliyyətə cəlb edilməsi Azərbaycan dövlətinin suveren hüququdur.

Apelyasiyadan imtina Vardanyanın müdafiəsi üçün gözlənilən beynəlxalq hüquqi kampaniyanın real nəticə vermədiyini də ortaya qoyub. Nə siyasi bəyanatlar, nə də informasiya təzyiqi məhkəmə qərarını dəyişdirə bilmədi.

Xatırladaq ki, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclası ötən il başlayıb və bu il fevralın 17-də yekun məhkəmə qərarı (hökm) elan olunmaqla yekunlaşıb. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub. İclasda təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin bir qismi və onların nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, həmçinin Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib. Hökmə əsasən, Ruben Vardanyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.Yada salaq ki, Ruben Vardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR