Ukrayna və Amerika rəsmilərinin bu gün keçiriləcək yeni danışıqlarında Avropalı tərəfdaşlar da iştirak edəcək.
Musavat.com xəbər verir ki, məlumatı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Telegram-da açıqlayıb. O bildirib ki, o, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Andrey Qnatovla birlikdə bu gün Amerika tərəfi ilə yeni məsləhətləşmələr raunduna başlayacaq: "Avropalı tərəfdaşlar da Amerika tərəfinin dəvəti ilə bu formata cəlb edilib. Ortaq bir vizyonu qorumağa və birlikdə hərəkət etməyə imkan verən koordinasiyaya görə ABŞ-a təşəkkür edirik".
Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin sözlərinə görə, Ukrayna konstruktiv mövqe tutur. Xüsusilə avropalı həmkarları ilə ilkin məsləhətləşmələr aparılıb. Amerikalı rəsmilərlə gələcək müzakirələr üçün hazırlıqlar aparılır.
Umerov əlavə edib ki, məsləhətləşmələrin nəticələrini Prezident Vladimir Zelenskiyə bildirəcək: "Biz prezidentin müəyyən etdiyi prioritetlərə ciddi şəkildə uyğun hərəkət edirik: Ukraynanın təhlükəsizliyi etibarlı və uzunmüddətli təminat altında olmalıdır".
Musavat.com






