İsrailin baş naziri Benyamin Netanyahu bu gün ABŞ-a səfər edəcək. Səfər çərçivəsində region və Yaxın Şərq gündəmini müəyyənləşdirə biləcək yüksək səviyyəli görüşlər planlaşdırılıb.
Musavat.com xəbər verir ki, "Times of Israel" nəşrinin məlumatına görə, Netanyahu sabah Florida ştatında ABŞ prezidenti Donald Tramp ilə görüşəcək. Görüşün əsas mövzusunun Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti, Qəzza müharibəsi və İranla bağlı məsələlər olacağı gözlənilir.
Məlumata əsasən, həmin gün İsrailin baş naziri ABŞ dövlət katibi Marko Rubio ilə də rəsmi görüş keçirəcək. Danışıqlarda İsrail–ABŞ strateji tərəfdaşlığı, hərbi-siyasi koordinasiya və regionda son gərginliklərin müzakirə ediləcəyi bildirilir.
Analitiklər hesab edirlər ki, Netanyahunun ABŞ-a bu səfəri Vaşinqton–Təl-Əviv xəttində yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Tramp administrasiyasının Yaxın Şərq siyasətində İsrailə xüsusi önəm verməsi fonunda bu görüşlərin bölgədəki proseslərə birbaşa təsir göstərəcəyi istisna edilmir.
Musavat.com






