İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəkillər pensiya bərabərsizliyindən narazıdır – Anar Bağırov DANIŞDI

562 17.07.2026 13:56 Ölkə A A

Azərbaycanda təqaüdə çıxan vəkillərin pensiya təminatı ilə bağlı mövcud vəziyyət yenidən gündəmə gətirilib.

Musavat.com xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında danışıb.

O bildirib ki, vəkillərin aldıqları pensiyalar digər hüquq peşələrində çalışan şəxslərin pensiyalarından xeyli aşağıdır və bu sahədəki qeyri-bərabərliyin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına mütəmadi müraciətlər edilir:

“Təqaüdə çıxan vəkillərin aldıqları pensiyaların digər hüquq peşələrində çalışan şəxslərin pensiyalarından əhəmiyyətli dərəcədə aşağı olması bizi narahat edən əsas məsələlərdən biridir. Vəkillik heç də digər peşələrdən az əhəmiyyətli deyil. Bu sahənin təmsilçiləri insan hüquq və azadlıqlarının müdafiəsində bilavasitə iştirak edirlər. Onu da qeyd etmək lazımdır ki, dövlət hesabına ödənişdə də vəkillərin aldıqları ödəniş o dərəcədə yüksək deyil”.

Anar Bağırovun sözlərinə görə, bu istiqamətdə mövcud olan qeyri-bərabərliyin aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumları ilə mütəmadi müzakirələr aparılır və rəsmi müraciətlər ünvanlanır:

“Azərbaycanda təqaüdə çıxan vəkillərin aldıqları pensiya digər hüquq peşələrində çalışan şəxslərin pensiyalarından qat-qat aşağıdır. Hesab edirik ki, burada qeyri-bərabərlik mövcuddur. Ümid edirik ki, aidiyyəti dövlət qurumları bu məsələyə diqqət yetirəcək”.

Anar Bağırov onu da qeyd edib ki, hüquq peşələri arasında pensiya təminatı baxımından fərqli yanaşmanın tətbiq olunması doğru deyil. Onun fikrincə, hüquq sahəsində çalışan bütün şəxslərin pensiya təminatı eyni meyarlar əsasında müəyyənləşdirilməlidir.

Kollegiya sədri diqqətə çatdırıb ki, digər hüquq peşələrində çalışan şəxslər üçün staja görə əlavələr, eləcə də 60 yaşdan pensiyaya çıxmaq kimi güzəştlər nəzərdə tutulduğu halda, vəkillər bu imkanlardan yararlana bilmirlər.

O həmçinin bildirib ki, vəkillik peşəsi məsuliyyət, mürəkkəblik və psixoloji gərginlik baxımından digər hüquq peşələrindən geri qalmır, əksinə, bir çox hallarda daha çətin fəaliyyət sahəsi hesab oluna bilər.

Anar Bağırov əlavə edib ki, digər hüquq peşələri üçün tətbiq olunan güzəşt və imtiyazlar vəkillərə də şamil edilməlidir:

“Vəkillər Kollegiyası bu məsələni daim diqqətdə saxlayır və məhkəmə-hüquq sisteminin bütün nümayəndələri, o cümlədən ədalət mühakiməsinin tərəfləri üçün bərabər yanaşmanın təmin olunmasını vacib hesab edir”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR