ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistan və Azərbaycana səfəri ətrafında müzakirələr səngimək bilmir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikirlər yerli politoloq Benyamin Matevosyan tərəfindən səsləndirilib.
Matevosyan iddia edir ki, Vensin regiona səfərindən əsas geosiyasi və iqtisadi dividendləri ABŞ əldə edib. Onun sözlərinə görə, Vaşinqton bu səfərlə İrana mesaj verib və regionda Ermənistanla yanaşı Azərbaycanın da ABŞ ilə əməkdaşlığa açıq olduğunu nümayiş etdirib.
Erməni politoloq həmçinin bildirib ki, Ermənistanın ABŞ-dən modul tipli atom elektrik stansiyası texnologiyası alması üçün 9 milyard dollarlıq investisiya ayırması barədə təqdim edilən məlumatlar ictimaiyyətə yanlış formada çatdırılıb. Onun iddiasına görə, bu vəsaiti ABŞ deyil, Ermənistan özü ödəməlidir.
Matevosyan Azərbaycanla bağlı da maraqlı məqama toxunaraq qeyd edib ki, Vensin Bakıya səfərində böyük ABŞ şirkətlərinin nümayəndələrinin iştirak etməsi iqtisadi maraqların genişləndiyini göstərir. O, bunun fonunda həm geosiyasi, həm də maliyyə baxımından ABŞ-nin mövqelərinin gücləndiyini vurğulayıb.
Politoloqun ən diqqətçəkən tezisi isə səfərdən ən çox qazanan tərəfin Türkiyə olması ilə bağlıdır. Onun fikrincə, Vaşinqton regionda təhlükəsizlik arxitekturasını Ankara ilə koordinasiyalı şəkildə qurur və Azərbaycan–Türkiyə tandemi bu modeldə əsas “dayaq nöqtəsi” rolunu oynayır.
Matevosyan həmçinin Cey Di Vensin Ermənistan baş naziri Nikol Paşinyana açıq dəstək kimi qiymətləndirilən açıqlamasını da şərh edib. O, bunu ABŞ-nin regiondakı siyasi xəttinin davamı kimi təqdim edib və bunun Ermənistanın daxili siyasətinə təsir elementləri daşıya biləcəyini bildirib.
Musavat.com






