Prezident İlham Əliyevin Serbiya səfəri iki ölkə arasında münasibətlərin inkişaf edilməsi baxımından yeni mərhələ kimi qiymətləndirilir.
Ümumiyyətlə, son illərdə Azərbaycanın xarici siyasətində Serbiya ilə münasibətlər strateji mahiyyət qazanıb. Rəsmi Bakı ilə Belqrad arasında formalaşan qarşılıqlı etimad mühiti təkcə siyasi dialoqla məhdudlaşmır, eyni zamanda enerji, iqtisadiyyat, nəqliyyat və humanitar sahələrdə real nəticələrlə müşayiət olunur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Musavat.com-a bildirdi ki, Prezident İlham Əliyevin apardığı uğurlu beynəlxalq siyasət dünyada Azərbaycanın dostlarının sayını artırır:
“Bu baxımdan Serbiya da əlaqələrimizin yüksək inkişaf etdiyi dost ölkədir. Biz bir-birimizin ərazi bütövlüyünü hər zaman dəstəkləmişik və münaqişələrin beynəlxalq hüquq çərçivəsində həll olunması üçün bir-birimizin yanında olmuşuq. Serbiya prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevin liderlik təcrübəsinə böyük hörmətlə yanaşır və beynəlxalq platformalarda heç nədən çəkinməyərək Prezident İlham Əliyevdən çox şey öyrənməli olduğunu bildirir. Çünki Prezident İlham Əliyev əraziləri işğaldan azad edən, münaqişəni beynəlxalq hüquq normaları çərçivəsində həll etmiş və regiona sülh və əməkdaşlıq reallıqları yaratmış və həm də ölkəsinin yüksək inkişafına nail olmuş dünyada çox az dövlət başçılardandır”.

Deputat onu da qeyd etdi ki, Azərbaycan-Serbiya əlaqələri dövlət başçılarının dostluq münasibətləri üzərində günü-gündən möhkəmlənməkdədir.
Ölkələrimiz arasında imzalanmış 57 sənəd əməkdaşlığımız üçün geniş hüquqi baza yaradıb. Dövlət başçımızın Serbiyaya səfəri çərçivəsində ilk dəfə olaraq Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirildi. Bu şura iclasında ölkələrimizarası siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu və daha 7 sənəd imzalandı. Ölkələrarası iqtisadi əlaqələr sürətlə inkişaf edir. Belə ki, 2012-ci ildə Azərbaycanla Serbiya arasında ticarət dövriyyəsi 35 milyon dollar idisə, 2025-ci ildə bu rəqəm artaraq 134,7 milyon dollara çatıb. Azərbaycan Serbiyaya qaz və neft məhsulları, həmçinin kənd təsərrüfatı malları ixrac edir. Dövlət başçılarımızın Belqradda keçirdiyi birgə mətbuat konfransında Aleksandr Vuçiç Zirə xiyarını və pomidorunu təriflədi, qiymətlərinə görə də digərlərindən daha ucuz olduğunu qeyd etdi. Azərbaycan Serbiya iqtisadiyyatına investisiyalar yatırır. Biz Serbiyanın yol tikintisi üçün kreditlər vermişik və indi də 500 meqavat gücündə İstilik Elektrik Stansiyasının tikintisi ilə bağlı razılaşmalar imzalanıb. Bu baxımdan Serbiyaya ixrac edəcəyimiz qazın həcmləri də artırılacaqdır. Həm də Azərbaycan Serbiyaya gələcəkdə elektrik enerji də ixrac etməyi planlaşdırır. May ayından başlayaraq Bakı-Belqrad birbaşa aviareysinin istifadəyə verilməsi nəzərdə tutulur. Bu həm əməkdaşlığımızın dərinləşdirlməsinə yeni imkanlar açacaq, həm də turizm sahəsində də münasibətlərin inkişafına yeni bir impuls verəcəkdir. Azərbaycanla Serbiya arasında əməkdaşlığın genişləndirilməsi üçün potensialı çox böyükdür. Dövlət başçılarının qarşılıqlı şəkildə müntəzəm səfərləri və beynəlxalq platformalarda görüşlərin keçirilməsi ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır və əlaqələrimiz daha da dərinləşir”.
Cavanşir ABBASLI
Musavat.com






