Məhv olmuş qondarma Qarabağ rejimindən qaçan dırnağarası “vətəndaş cəmiyyəti nümayəndələri” bütün ermənilərin katolikosu II Qareginə müraciət edərək geydirmə “Artsax yeparxiyası”nın rəhbəri, üsyankar keşişlərin tərəfini saxlayan yepiskop Vrtanes Abramyanın vəzifədən uzaqlaşdırılmasını istəyiblər.
Musavat.com xəbər verir ki, bu barədə Eçmiədzində jurnalistlərə açıqlama verən qondarma rejimin dırnağarası sabiq “ombudsmanı” Artak Beqlaryan məlumat verib.
Beqlaryan bildirib ki, əvvəlcə sözügedən yepiskopun mövqeyinə yenidən baxacağına və səhvini anlayacağına ümid ediblər. Lakin son açıqlamalar və atılan addımlar göstərib ki, Vrtanes Abramyan seçdiyi problemli və qalmaqallı xəttdən geri çəkilmək niyyətində deyil.
Onun sözlərinə görə, vəziyyət artıq kilsə rəhbərliyinin birbaşa müdaxiləsini zəruri edir.
“Ümid edirəm ki, Onun Müqəddəsliyi bu məsələdə müvafiq qərarlar qəbul edəcək. Eyni zamanda, kilsə daxilində mövcud problemlərin həlli üçün şəffaf və effektiv mexanizmlər yaradılmalıdır ki, heç kim bu mövzuları şəxsi və siyasi spekulyasiya predmetinə çevirməsin. Belə məsələlər yalnız kilsənin öz daxilində həll edilməlidir”, – deyə Beqlaryan qeyd edib.
Qeyd edək ki, Azərbaycan tərəfindən tam iflasa uğradılan qondarma Qarabağ rejiminin keçmiş nümayəndələrinin indi kilsə daxilində baş verən proseslərə təsir göstərməyə çalışması onların siyasi və mənəvi dalana dirəndiyini bir daha ortaya qoyur.
Musavat.com






