Bakıda TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xəzər Tibb Mərkəzinə mediatur təşkil olunub.
Musavat.com xəbər verir ki, tədbirin məqsədi media nümayəndələrini tibb müəssisəsində yaradılan infrastruktur, müasir tibbi imkanlar və icbari tibbi sığorta sisteminin tətbiqi ilə yerində tanış etmək olub.
Mediatur iştirakçılarını salamlayan TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, bu, cari il ərzində Agentlik və TƏBİB-in birgə keçirdiyi dördüncü və son media turudur. O qeyd edib ki, mediaturlar jurnalistlərin tibb müəssisələri, oradakı şərait və yeniliklərlə yerində tanış olması, həmçinin ictimaiyyətin məlumatlandırılması baxımından geniş imkan yaradır.
Departament rəhbəri əlavə edib ki, cari il ərzində “Vahid Xəstəxana Saytı” layihəsi icra olunub və TƏBİB-in tabeliyindəki 20 tibb müəssisəsinin rəsmi internet saytı hazırlanır. Artıq Mərkəzi Neftçilər Xəstəxanasının saytı istifadəyə verilib, Binəqədi, Xətai və Sumqayıt mərkəzlərinin, həmçinin Quba və Lənkəran rayon mərkəzi xəstəxanalarının saytları üzərində işlər davam edir.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, icbari tibbi sığorta Xəzər Tibb Mərkəzində tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə, infrastrukturun gücləndirilməsinə və müasir tibbi avadanlıqların quraşdırılmasına şərait yaradıb. Hazırda mərkəz diaqnostik və müalicə məqsədli elektromiyoqrafiya, treadmil üzrə stres test, holter müayinəsi, qastroskopiya və digər müasir tibbi avadanlıqlarla təmin olunub. Eyni zamanda 7/24 fəaliyyət göstərən 3-cü səviyyəli laboratoriya pasiyentlərin təcili və dəqiq diaqnostik xidmətə çıxışını təmin edir.
Xəzər Tibb Mərkəzinin direktoru Mübariz Ağayev mediatur iştirakçılarına bildirib ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində 230 724 nəfər mərkəzə müraciət edib, onlara ümumilikdə 780 134 tibbi xidmət göstərilib. Həmin dövrdə 5125 nəfər stasionar müalicə alıb, 2713 cərrahi prosedur icra olunub.
Mediatur çərçivəsində jurnalistlər mərkəzin poliklinika, neveologiya, radiologiya, laboratoriya və təcili tibbi yardım şöbələri ilə tanış olublar.
Mübariz Ağayev Neveologiya şöbəsində müşahidə zamanı deyib ki, mərkəzin üçüncü mərtəbəsi - xüsusi olaraq qazilərə xidmət üçün ayrılıb.
Mediaturun ən maraqlı və təsirli dayanacağı Neonatologiya şöbəsi olub. Burada yenicə doğulmuş körpələr saxlanılır– iki uşaq, biri oğlan, biri qız. Jurnalistlər körpələri böyük maraqla izlədilər. Onların üzləri o qədər nurlu, mələk kimi görünürdü, sakitcə yatmışdılar və çox şirin idilər. Əvvəlcədən həkimlər jurnalistləri təlimatlandırmışdılar, körpələrin yanına gedərkən maska və xüsusi geyimdən istifadə etdik.
Həkimlərdən yeni doğulmuşların sayının az olma səbəbini də öyrənirik.
Neonatoloq Gülnarə Əkbərova və tibb bacısı Röya Muradova dedilər ki, həmin gün körpələrin sayı az olsa da, ümumiyyətlə son dövrlərdə çoxuşaqlı anaların sayı artıb, hətta 5–6 uşaqlı analar daha çox nəzərə çarpır. Maraqlı nümunə olaraq, ötən aylarda 18 yaşlı qızını nişanlamış bir qadının burada ana olduğunu dedilər. Son aylarda ən yaşlı ana isə 41 yaşında olub.
Müşahidələrimizi laboratoriyada davam etdiririk. Həkimlər bildirdilər ki, mərkəzdə yalnız ümumi analizlər aparılmır, həm də onkoloji xəstələr üçün xüsusi laboratoriya da fəaliyyət göstərir.
Mediatur çərçivəsində jurnalistlər oftalmoloq, lor həkimin müayinəsindən keçiblər. Onlara lazım olan məsləhətlər və müalicə tövsiyələri verilib.
Afaq Mirayiq,
Foto-video müəllifindir,
Musavat.com






