İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Fələstin siyasəti: Bakının dəstəyi bəyanatlarda deyil, real addımlarda öz əksini tapır

536 16.07.2026 14:16 Siyasət A A


Prezident İlham Əliyevin iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul etməsi Azərbaycan–Fələstin münasibətlərinin növbəti mühüm mərhələsi kimi qiymətləndirilir.

Görüş zamanı verilən mesajlar bir daha göstərdi ki, Azərbaycan Fələstin məsələsində mövqeyini yalnız diplomatik bəyanatlarla ifadə etmir, illərdir həyata keçirdiyi humanitar, siyasi və iqtisadi təşəbbüslərlə bu dəstəyi praktik müstəviyə daşıyır.

İlham Əliyev Məhəmməd Mustafanı qəbul edib - FOTO - Oxu.az

Məhz buna görə də son görüş təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycanın İslam dünyasında etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan müstəqillik qazandıqdan sonra Fələstin məsələsində ardıcıl və prinsipial mövqe nümayiş etdirən dövlətlərdən biri olub.

Rəsmi Bakı beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, paytaxtı Şərqi Qüds olmaqla müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını daim dəstəkləyib.

 İlham Əliyev Məhəmməd Mustafanı qəbul edib - Ayna.az

Prezident İlham Əliyev Fələstin Baş naziri ilə görüşdə də bu mövqeyi bir daha təsdiqlədi. Azərbaycanın yanaşması BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüquqa və "iki dövlət" prinsipinə əsaslanır.

Lakin Azərbaycanın fərqi ondadır ki, bu dəstək yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Son illərdə bəzi dairələr Azərbaycanın İsraillə münasibətlərini əsas gətirərək ölkəmizin guya Fələstinə lazımi dəstək vermədiyini iddia etməyə çalışırdı.

Faktlar isə tamamilə fərqli mənzərə ortaya qoyur. Azərbaycan Yaxın Şərqdə balanslaşdırılmış siyasət yürüdərək həm İsraillə strateji münasibətlərini qoruyur, həm də Fələstin xalqına real və davamlı dəstək göstərən azsaylı müsəlman ölkələrindən biri olaraq qalır.

Bu dəstəyin ən mühüm göstəricilərindən biri humanitar yardım proqramlarıdır. Azərbaycan müxtəlif illərdə Fələstinə milyonlarla dollar həcmində maliyyə və humanitar yardım göstərib.

 Prezident: Azərbaycan Fələstin məsələsində daim həmrəylik nümayiş etdirib,  iki dövlətli həlli dəstəkləyib

Hələ 2013-cü ildə Bakıda keçirilən "İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin yaradılmasına dair Konfrans" və "Qüds şəhərinin inkişaf etdirilməsi məqsədilə sektor planının maliyyələşdirilməsinə dair Donor ölkələrin Konfransı" nəticəsində Azərbaycan Fələstinə 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımı ayırdı. Bu yardım həmin dövrdə İslam dünyasında yüksək qiymətləndirilən mühüm təşəbbüslərdən biri idi.

Azərbaycan eyni zamanda BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyi (UNRWA) vasitəsilə də mütəmadi maliyyə yardımları həyata keçirib.

Xüsusilə Qəzza zolağında humanitar böhranın dərinləşdiyi dövrlərdə Azərbaycan hökuməti UNRWA vasitəsilə humanitar proqramların maliyyələşdirilməsinə töhfələr verib.

 Bu yardımlar ərzaq, tibbi ləvazimat, qaçqın ailələrinin sosial müdafiəsi və uşaqların təhsili kimi istiqamətləri əhatə edib.
İsrail ordusu Qəzzada yerüstü əməliyyat zamanı 80 hərbçisini itirib -  AZƏRTAC

2023-cü ilin oktyabrında Qəzzada hərbi əməliyyatların yenidən genişlənməsindən sonra Azərbaycan yenidən humanitar dəstəyini artırdı.

Prezident İlham Əliyevin tapşırığı ilə Fələstin əhalisinə humanitar yardım ayrıldı, UNRWA vasitəsilə əlavə maliyyə vəsaiti köçürüldü. Azərbaycan bununla humanitar fəlakətin aradan qaldırılması istiqamətində beynəlxalq səylərə qoşuldu.

Azərbaycanın dəstəyi yalnız maliyyə yardımları ilə də məhdudlaşmır. Hazırda Fələstində Azərbaycanın maliyyə dəstəyi ilə orta məktəbin tikilməsi layihəsi həyata keçirilir.

 Bu layihə təhsil infrastrukturunun bərpasına xidmət etməklə yanaşı, Azərbaycanın uzunmüddətli humanitar yanaşmasının göstəricisidir. Çünki məktəb tikmək yalnız cari problemlərin həllinə deyil, gələcək nəslin inkişafına yönəlmiş sərmayə hesab olunur.

Təhsil sahəsində əməkdaşlıq ümumiyyətlə Azərbaycan–Fələstin münasibətlərinin mühüm istiqamətlərindən biridir.

 "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində 23 fələstinli tələbə Azərbaycanda ali təhsil alır. Ümumilikdə isə indiyədək 37 fələstinli gənc Azərbaycan universitetlərində müxtəlif ixtisaslar üzrə təhsil almaq imkanı əldə edib. Bu proqram yalnız təhsil layihəsi deyil, həm də gələcək Fələstin elitasının formalaşmasına verilən töhfə kimi qiymətləndirilir.

İyulun 16-da keçirilən görüşdə Fələstin Baş naziri Məhəmməd Mustafanın Prezident İlham Əliyevə məhz bu layihələrə görə xüsusi təşəkkür etməsi Azərbaycanın həyata keçirdiyi proqramların real nəticələr verdiyini göstərir.

İkitərəfli münasibətlərin yüksək səviyyədə olmasının digər mühüm göstəricisi Ramallah şəhərində Azərbaycanın Təmsilçilik Ofisinin fəaliyyət göstərməsi və Fələstinin Azərbaycandakı səfirliyinin saxlanma xərclərinin Azərbaycan dövləti tərəfindən qarşılanmasıdır. Bu, dünyada nadir rast gəlinən diplomatik dəstək nümunələrindən hesab olunur və Bakının Fələstin dövlətçiliyinə verdiyi siyasi əhəmiyyəti nümayiş etdirir.

Son görüş zamanı diqqət çəkən digər məqam iqtisadi əməkdaşlıq perspektivlərinin müzakirəsi oldu. Fələstinin bəzi kənd təsərrüfatı məhsullarının Azərbaycana güzəştli şərtlərlə ixracı məsələsinin gündəmə gətirilməsi münasibətlərin artıq yeni mərhələyə keçdiyini göstərir. Əgər bu təşəbbüs reallaşarsa, əməkdaşlıq humanitar və siyasi müstəvidən iqtisadi tərəfdaşlıq səviyyəsinə yüksələcək.

Azərbaycanın Fələstinlə münasibətlərini daha geniş kontekstdə qiymətləndirdikdə görünür ki, bu siyasət ölkənin İslam dünyası ilə əməkdaşlıq strategiyasının ayrılmaz hissəsidir. Son illər Bakı İslam ölkələrinin dialoq platformasına çevrilib.

2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının Bakıda keçirilməsi də bunun bariz nümunəsidir. Açılış mərasimində Prezident İlham Əliyev İslam dünyasının iqtisadi inteqrasiyası, dayanıqlı inkişafı və qarşılıqlı investisiya imkanlarının genişləndirilməsinin vacibliyini vurğuladı. Bu tədbir Azərbaycanın artıq yalnız siyasi deyil, həm də İslam maliyyə sisteminin mühüm tərəfdaşlarından birinə çevrildiyini göstərdi.

Bundan əvvəl Bakının İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 20-ci sessiyasına ev sahibliyi etməsi də Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfənin növbəti nümunəsi oldu. Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətində müsəlman ölkələrinin həmrəyliyi, qarşılıqlı dəstəyi və ortaq maraqlar ətrafında birləşməsinin əhəmiyyəti xüsusi vurğulandı.

Azərbaycan yalnız Fələstinlə deyil, regionun digər ərəb dövlətləri ilə də siyasi dialoqu fəal şəkildə inkişaf etdirir. Cari ildə Prezident İlham Əliyevin İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri nazirini qəbul etməsi də bunu təsdiqləyir. Bu təmaslar göstərir ki, Bakı Yaxın Şərqdə etibarlı tərəfdaş kimi qəbul olunur və region ölkələri ilə münasibətlərini qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında qurur.

Azərbaycan Fələstin dövlətinin tanınması yolunda daha bir gediş etdi... -  Baki-Xeber.com

Bütün bu faktlar fonunda aydın görünür ki, Azərbaycanın Fələstin siyasəti emosional bəyanatlara deyil, ardıcıl dövlət strategiyasına əsaslanır. Humanitar yardımlar, milyonlarla dollar maliyyə dəstəyi, təhsil proqramları, məktəb tikintisi, diplomatik nümayəndəliyin fəaliyyəti, Fələstin səfirliyinə göstərilən dəstək və iqtisadi əməkdaşlıq təşəbbüsləri Azərbaycanın Fələstin xalqının yanında olduğunu konkret əməllərlə sübut edir.

Bu gün Azərbaycanın Fələstinə münasibətdə həyata keçirdiyi siyasət İslam həmrəyliyinin praktik modelinə çevrilib. Prezident İlham Əliyevin Fələstin Baş naziri Məhəmməd Mustafa ilə son görüşü də məhz bu siyasətin davamı olmaqla yanaşı, Bakının həm İslam dünyasında, həm də beynəlxalq münasibətlər sistemində etibarlı, prinsipial və məsuliyyətli tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirdi.

Azərbaycanın Fələstinə verdiyi dəstək sözlərlə deyil, illər ərzində həyata keçirilən real layihələr, ayrılan vəsaitlər və insanlara birbaşa təsir edən təşəbbüslərlə ölçülür. Bu isə Bakının xarici siyasətində humanitar diplomatiyanın və İslam həmrəyliyinin yalnız şüar deyil, dövlət siyasətinin mühüm istiqaməti olduğunu açıq şəkildə ortaya qoyur.

Əli Rais,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR