Yəməndəki husilər Babülməndəb boğazını bağlamağa hazırlaşırlar.
Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu "The Telegraph" nəşri məlumat yayıb.
Nəşrin iddiasına görə, Yəmən husiləri boğazın hər iki tərəfinə nəzarəti ələ keçirmək məqsədilə Somalinin "Əş-Şəbab" qruplaşması ilə fəaliyyətlərini əlaqələndirirlər. Mənbənin bildirdiyinə görə, husilər İranın adından adıçəkilən qruplaşmaya pilotsuz uçuş aparatlarının (PUA) istehsalı texnologiyasını ötürürlər.
Babülməndəb boğazı dünya dəniz ticarətinin 10-12%-nin daşınmasını təmin edir və Süveyş kanalına gedən əsas marşrut hesab olunur. Boğazın bağlanması gəmiləri Afrikanı dolanaraq keçməyə məcbur edə bilər ki, bu da daşınma xərclərinin kəskin artmasına və qlobal ticarətdə ciddi axsamalara yol açacaq.
Qəzetin mənbəsi vurğulayır ki, husilər hələlik bu ssenarini tam reallaşdırmırlar, çünki İran "bütün kozırlarını eyni vaxtda istifadə etmək istəmir". Bununla belə, nəşrin məlumatına görə, İranın hərbi doktrinasında Babülməndəb boğazı əvvəllər də Hörmüz boğazı ilə yanaşı potensial "ikinci cəbhə" kimi nəzərdən keçirilib.
Musavat.com







