Türkiyə Milli Müdafiə Nazirliyi Rusiyadan alınan S-400 zenit-raket kompleksləri (ZRK) ilə bağlı müəyyən işlərin davam etdiyini açıqlayıb, lakin bunun konkret nədən ibarət olduğunu dəqiqləşdirməyib.
Musavat.com xəbər verir ki, nazirliyin Ankarada keçirilən brifinqində qurum rəsmisi bildirib ki, S-400 hava və raketdən müdafiə sistemi ilə bağlı fəaliyyətlər çoxtərəfli rejimdə davam edir:
"Konkret hadisələr və irəliləyişlər barədə məlumatlar vaxtı gəldikcə ictimaiyyətə çatdırılacaq".
Lakin nazirlik sözügedən fəaliyyətlərin mahiyyəti barədə əlavə şərh verməkdən imtina edib.
Türkiyənin hökumətyönlü "Hürriyet" qəzeti ötən həftə öz mənbələrinə istinadən S-400 sistemlərinin Fars körfəzi ölkələrindən birinə yenidən satıldığı barədə məlumat dərc etmişdi.
Potensial alıcılar qismində isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərin adları çəkilirdi. Türkiyə rəsmiləri bu iddianı hələlik rəsmən təsdiqləməyiblər.
Xatırladaq ki, Türkiyə 2017-ci ildə Rusiyadan 2,5 milyard dollar dəyərində dörd divizion S-400 hava hücumundan müdafiə sistemi alıb. 2019-cu ilin oktyabrında Rusiyanın "Rosoboroneksport" şirkəti sistemlərin tədarükünə dair müqavilənin tam yerinə yetirildiyini bəyan edib. Türkiyə bu sazişə imza atdıqdan sonra ABŞ-nin beşinci nəsil F-35 qırıcılarının yaradılması proqramından kənarlaşdırılıb.
Musavat.com






