İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb və Şərq arasında həlledici savaş başlayır: Üç dövlət Avropanı dağıtmaq üçün ortaq plan qurur

1465 16.07.2026 15:03 Analitika A A

Hazırda yeni dünya düzəni getdikcə, daha açıq şəkildə iki böyük geopolitik mərkəz ətrafında formalaşır, bir tərəfdə Avropa dövlətləri yeni müdafiə sistemi və daha geniş təhlükəsizlik alyansı qurmağa çalışırlar... Digər tərəfdə isə Rusiya, Çin və İran kollektiv Qərbin siyasi, iqtisadi və hərbi təzyiqlərinə qarşı koordinasiyalı fəaliyyət modelini mümkün qədər gücləndirməyə cəhd göstərirlər...

Avropa ölkələri yeni hərbi blokun yaradılması prosesinə start veriblər və bunun tezliklə reallaşa biləcək "böyük müharibə" ssenarisinə hazırlıq olduğunu isə qətiyyən gizlətmirlər. Yəni hazırda dünyada geopolitik qarşıdurma artıq yeni və daha təhlükəli mərhələyə qədəm qoymağa başlayıb. Belə ki, Ukrayna müharibəsinin uzanması, Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artması, ABŞ-Çin rəqabətinin dərinləşməsi və Avropanın təhlükəsizlik narahatlıqları beynəlxalq münasibətlər sistemində də olduqca ciddi dəyişikliklərə səbəb olur.

Maraqlıdır ki, son vaxtlar intensivləşən sərt hərbi-siyasi mesajlar onu göstərir ki, həm kollektiv Qərb, həm də ona qarşı formalaşmaqda olan Rusiya-Çin-İran tandemi mümkün uzunmüddətli geopolitik qarşıdurmaya hazırlaşır. Bu baxımdan, demək olar ki, qlobal təhlükəsizlik sistemi də artıq yenidən qurulmağa başlayıb. Yayılan məlumata görə, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Danimarka, Niderland, Norveç, İsveç və Ukrayna Avropanı ballistik raket təhlükəsindən qorumaq məqsədilə yeni müdafiə koalisiyası yaratmaq barədə anlaşma əldə ediblər.

27ed89d2-f9b6-4b7e-a380-026d6782901e.jpg (155 KB)

Məsələ ondadır ki, bu hərbi-siyasi layihə çərçivəsində iştirakçı dövlətlər vahid raketdən müdafiə sistemlərinin hazırlanması, kəşfiyyat və radar məlumatlarının real vaxt rejimində paylaşılması, eləcə də Avropanın ümumi raketdən müdafiə arxitekturasının qurulması istiqamətində əməkdaşlıq edəcəklər. Ukrayna savaşı Avropa ölkələrində belə qənaətlər yaradıb ki, müasir müharibələrdə ballistik və qanadlı raketlər, PUA-lar və hipersəs silahları ən ciddi hərbi təhlükə alətlərinə çevrilib. Və bu səbəbdən də Avropa dövlətləri yalnız milli müdafiə sistemlərinə deyil, həm də vahid koordinasiyalı müdafiə şəbəkəsinə də ehtiyac duyurlar.

Onu da qeyd etmək lazımdır ki, yaradılan yeni hərbi-siyasi koalisiyada Ukraynanın da yer alması rəsmi Kiyevin artıq yalnız yardım alan tərəf deyil, həm də Avropanın gələcək təhlükəsizlik sisteminin ayrılmaz tərkib hissəsi kimi qəbul edilməyə başlandığını göstərir. Ukraynanın Rusiya ilə müharibədə əldə etdiyi döyüş təcrübəsi və hava hücumundan müdafiə sahəsində formalaşmış imkanları Avropa üçün önəmli hərbi-strateji resurs hesab olunur.

Digər tərəfdən, Avropa məkanında təhlükəsizlik konsepsiyasının dəyişməkdə olduğunu göstərən daha bir önəmli açıqlamaya isə İtaliya müəlliflik edib. Rəsmi Roma hesab edir ki, “qoca qitə” hərbi müdafiə sistemi yalnız Avropa Birliyinin sərhədləri və ya NATO çərçivəsi ilə məhdudlaşmamalıdır. İtaliya rəsmi dairələri əmindirlər ki, Avropa üzrə yeni təhlükəsizlik alyansı Türkiyə, Böyük Britaniya, Ukrayna, Norveç, İsveçrə, Moldova və Qərbi Balkan ölkələrini də əhatə etməlidir.

427755ba-d725-42ea-bf12-3241edbd8f7e.jpg (304 KB)

Əslində, rəsmi Romanın bu yanaşma tərzi Avropa məkanında yeni geopolitik reallıqların tədricən qəbul edilməyə başladığını da göstərir. Belə ki, son vaxtlar “qoca qitə”nin siyasi çevrələrində ABŞ-ın NATO daxilində gələcək rolu və Ağ Evin Avropa məkanının təhlükəsizliyinə əvvəlki səviyyədə təminat verib-verməyəcəyi barədə müzakirələr ciddi şəkildə intensivləşib. Prezident Donald Trampın ABŞ-da hakimiyyətə qayıdışından sonra verilən bəzi mesajlar Avropa ölkələrində əlavə narahatlıqlar yaradıb. Və nəticədə Avropa ölkələri indi ABŞ-dan hərbi təhlükəsizlik asılılığını azaltmağa, hətta daha müstəqil müdafiə mexanizmləri formalaşdırmağa çalışırlar.

Bütün bunları nəzərə aldıqda, İtaliyanın Türkiyəni Avropanın təhlükəsizlik sistemində xüsusilə ön plana çəkməsi də qətiyyən təsadüfi görünmür. Belə ki, Türkiyə NATO-nun ikinci ən böyük ordusuna malik olmaqla yanaşı, Qara dəniz, Şərqi Aralıq dənizi, Cənubi Qafqaz və Yaxın Şərq regionları arasında yerləşən strateji mövqeyi ilə Avropa məkanının təhlükəsizlik sistemində olduqca önəmli rola malikdir. Üstəlik, son illərdə rəsmi Ankaranın hərbi sənaye sahəsində qazandığı böyük uğurlar, xüsusilə də, PUA-lar, yeni raket texnologiyaları və hava hücumundan müdafiə sistemlərinin inkişafı Türkiyəni Avropa ölkələri üçün olduqca əhəmiyyətli hərbi-siyasi tərəfdaşa çevirir.

Eyni zamanda, Rusiyaya yaxınlığı ilə seçilən keçmiş baş nazir Viktor Orbanın hakiyyətdən getməsindən sonra Macarıstanın xarici siyasətində müşahidə olunan ciddi dəyişikliklər də Avropa məkanı üçün böyük əhəmiyyət daşıyır. Çünki illər boyu Avropa Birlyində Rusiyaya ən loyal mövqe nümayiş etdirən ölkələrdən biri hesab olunan Macarıstanda indi artıq tamamilə fərqli mövqedən çıxış etməyə başlayıb. Hətta rəsmi Budapeşt açıq mətnlə bəyan edib ki, “Macarıstan Rusiya üçün qapını bağlayır". Bu isə Macarıstanın artıq Rusiya deyil, məhz NATO və Avropa Birliyi üzrə müttəfiqləri ilə qarşılıqlı etimada bağlı münasibətləri daha prioritet hesab etdiyini göstərir.

ccc7422d18-b8f6-4260-96d2-49471b9d130b.jpg (220 KB)

Əgər, rəsmi Budapeşt bu yeni xarici siyasət kursunda israrlı olarsa, onda, Rusiya Avropa məkanında olduqca önəmli siyasi-ideoloji tərəfdaşlarından birini itirərək, “qoca qitə”də dayaqlarını daha da zəiflətmiş olacaq. Bu isə Rusiyanın Avropa siyasətinə və Kremlin diplomatik imkanlarına əlavə təsirlər göstərə bilər. Və ona görə də, kollektiv Qərb daxilində Rusiya əleyhinə proseslərin sürətləndiyi bir vaxtda Kreml də öz strateji tərəfdaşları ilə koordinasiyanı genişləndirməyə çalışır.

Məsələ ondadır ki, Kremlin kollektiv Qərblə qarşıduramada müqavimət immunitetinin yüksəlməsi baxımından, Rusiya, Çin və İran nümayəndələrinin yaxın vaxtlarda keçirəcəyi strateji görüş böyük əhəmiyyət daşıyır. Bəzi iddialara görə, həmin görüşdə enerji əməkdaşlığı, beynəlxalq nəqliyyat dəhlizləri, milli valyutalarla qarşılıqlı hesablaşmalar, Qərb maliyyə sistemindən kənar alternativ ödəniş mexanizmləri və sanksiyaların təsirini azaltmağa yönəlmiş iqtisadi layihələr də daxil olmaqla, hərbi-siyasi mövzular da müzakirə ediləcək. Eyni zamanda, regional təhlükəsizlik, hərbi-texniki əməkdaşlıq və xarici siyasət üzrə koordinasiyanın gücləndirilməsi də danışıqların ən önəmli istiqamətləri sırasında aid olunur.

Göründüyü kimi, hazırda yeni dünya düzəni getdikcə, daha açıq şəkildə iki böyük geopolitik mərkəz ətrafında formalaşır. Bir tərəfdə Avropa dövlətləri yeni müdafiə sistemi və daha geniş təhlükəsizlik alyansı qurmağa çalışırlar. Digər tərəfdə isə Rusiya, Çin və İran kollektiv Qərbin siyasi, iqtisadi və hərbi təzyiqlərinə qarşı koordinasiyalı fəaliyyət modelini gücləndirməyə cəhd göstərirlər. Belə anlaşılır ki, qlobal münasibətlər sistemi mürəkkəb keçid dövrünü yaşayır və indi atılan istənilən addım yalnız Avropanın deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik balansının gələcək taleyinə birbaşa təsir göstərə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR