Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib ki, Xəzər dənizində kruiz daşımalarının başlanması perspektivlidir.
Overçukun sözlərinə görə, sözügedən təşəbbüs turistlərin Xəzəryanı ölkələrin dəniz limanlarına səfər etməsinə yeni imkanlar yarada bilər:
“Bu istiqamətdə layihələrin həyata keçirilməsi regionda turizm əməkdaşlığının daha da genişlənməsinə töhfə verəcək. Xəzər hövzəsində kruiz daşımalarının təşkili həm iqtisadi, həm də humanitar əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir”.

Xatırladaq ki, Xəzərdə kruiz gəmilərinin istifadəyə veriləcəyi ilə bağlı xəbərlər illər əvvəl də gündəmə gəlmişdi. Yaxın tarixə nəzər salsaq, 2023-cü ildə Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirmişdi ki, Xəzər dənizində hərəkət edəcək “Pyotr Velikiy” kruiz gəmisi növbəti turizm mövsümünə qədər istifadəyə veriləcək. Onun sözlərinə görə, həmin dövrdə gəminin sınaqları aparılırdı.

İ.Babuşkin qeyd etmişdi ki, İran, Türkmənistan və Qazaxıstandan olan tərəfdaşlar yeni kruiz marşrutlarının yaradılması imkanlarını nəzərdən keçirməyə hazırdırlar.
““Pyotr Velikiy” Aktau, Türkmənbaşı, Bakı və Mahaçqala limanlarına daxil olmaqla Volqa çayı, Azov, Qara və Xəzər dənizlərində üzəcək”, - deyə o bildirmişdi.
İqor Babuşkinin sözlərinə görə, “Pyotr Velikiy” “Lotos” gəmiqayırma zavodunda “Mosturflot” operatoru üçün tikilib. Gəminin göyərtəsində sərnişinlər restoran, spa, idman zalı, hovuz və saunadan istifadə edə biləcəklər. “Üzən mehmanxana”da 310 nəfərin yerləşdiyi 155 kabinə var. 90 işçi turistlərə xidmət göstərəcək. İlin sonuna qədər gəmi çaylarda və dənizdə sınaqdan keçiriləcək.

Turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov Musavat.com-a şərhində xatırladıb ki, Xəzərin turizm imkanlarından istifadə ilə bağlı məsələlər “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb:
“Təəssüf ki, müəyyən dəyişikliklər oldu. COVID-19 dövründə bu məsələ gündəmdən çıxdı. Azərbaycan dünyanın ən böyük gölünün sahilində yerləşir. Xəzərsahili ölkələrin onun turizm imkanlarından istifadə etməsi real görünür. Kruizlərin olması əlavə turizm məhsulu ola bilər. Bu, Xəzəryanı ölkələrdən turist daşımalarına müsbət təsirini göstərə bilər. Düşünürəm ki, Xəzərdə yükdaşımaların olduğunu nəzərə alsaq, turizm məqsədilə də daşımalar həyata keçirilə bilər. İmkan olan limanlarda saxlamaqla, Xəzər dənizi hövzəsinə aid olan ölkələrə səfərlər təşkil oluna bilər. Bunun üçün tələbat yoxlanmalıdır. Bu, bir neçə ölkəyə Xəzər vasitəsilə səfər şəklində, eyni zamanda iki, yaxud üç ölkə arasında təşkilatlanma ilə mümkün ola bilər. Ümumilikdə, Xəzərin turizm imkanlarından istifadə ciddi perspektivə malikdir. Düşünürəm ki, gələcəkdə rəqabət mühitində bundan geniş istifadə olunacaq”.
Nigar Həsənli
Musavat.com






