Gecə saatlarından başlayaraq Bakıya yağan intensiv yağış paytaxtın bir çox ərazilərində ciddi fəsadlara səbəb olub. Xüsusilə pik saatlarda şəhərin mərkəzi küçə və prospektlərində hərəkət çətinləşib.
Musavat.com-un məlumatına görə, şəhərin bir neçə yerində, eləcə də “Neftçilər” metrostansiyasının yaxınlığında yağış sularının yığılması nəticəsində nəqliyyat subasma ilə hərəkət edib.
Şəhərin müxtəlif hissələrindən gələn görüntülər isə vəziyyətin nə qədər ağır olduğunu göstərir. Bir çox küçələrdə yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalların, su axıdıcılarının olmaması səbəbindən su axını təmin edilməyib. Nəticədə yağış suları küçələrə dolaraq selə bənzər mənzərələr yaradıb.
Sakinlər deyirlər ki, illərdir təkrar olunan bu mənzərə yağış yağdığı hər gün Bakının real durumunu ortaya qoyur.
“Bir az yağış yağanda şəhər suya qərq olur. Axı bu kanalizasiya sistemi niyə bərpa olunmur? Küçələrdə suyun axacağı yer yoxdur”, - deyə paytaxt sakini şikayətlənir.
Yağış davam etdiyindən fəsadların artacağı istisna olunmur.
Musavat.com hadisə ilə bağlı lentə aldığı görüntüləri təqdim edir.
Şahanə Rəhimli
Musavat.com






