Yaponiya hökuməti öldürücü silahlar da daxil olmaqla, silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırıb.
Musavat.com xəbər verir ki, Müdafiə Avadanlıqlarının Transferi üçün Üç Prinsip adlanan sənədin yenidən nəzərdən keçirilməsinə dair qərarı Nazirlər Kabinetinin katibi Minoru Kihara açıqlayıb.
O, qeyd edib ki, "hazırda heç bir ölkə öz təhlükəsizliyini təkbaşına qoruya bilməz".
Kihara həmçinin "daxili müdafiə sənayesi və texnoloji bazasının gücləndirilməsinin" vacibliyini qeyd edib.
Nazirlər Kabinetinin katibi Yaponiyanın "dinc millətin fundamental prinsiplərinə sadiq qalmağa davam edəcəyinə" əminlik verib.
Öz növbəsində Yaponiyanın Baş naziri Sanae Takaiçi qeyd edib ki, "getdikcə daha mürəkkəbləşən təhlükəsizlik mühitində heç bir ölkə öz təhlükəsizliyini təkbaşına qoruya bilməz və müdafiə avadanlıqları sahəsində tərəfdaş ölkələrin qarşılıqlı dəstəyinə ehtiyac duyur". O, mövcud dəyişiklikləri nəzərə alaraq, istənilən avadanlığın ixracının əvvəlki məhdudiyyətlər olmadan mümkün olacağını açıq şəkildə bildirib. Məhdudiyyətlər avadanlıqların yalnız beş məqsəd üçün - xilasetmə əməliyyatları, nəqliyyat, xəbərdarlıq, müşahidə və mina təmizləməsi üçün ötürülməsinə icazə verirdi.
Yeni qaydaların mümkün tətbiqlərinə gəldikdə, Takaiçi tərəfdaş ölkələrlə ehtiyat hissələrinin və digər komponentlərin qarşılıqlı mübadiləsindən bəhs edib. Döyüş silahlarının yalnız hərbi texnologiya ilə bağlı məxfiliyin qorunması da daxil olmaqla, onların istifadəsi şərtləri ilə bağlı Tokio ilə müqavilələr imzalayan ölkələrə tədarük ediləcəyi gözlənilir. Yaponiyanın hazırda 17 ölkə ilə belə müqavilələri var: ABŞ, Birləşmiş Krallıq, Avstraliya, Hindistan, Filippin, Fransa, Almaniya, Malayziya, İtaliya, İndoneziya, Vyetnam, Tayland, İsveç, Sinqapur, BƏƏ, Monqolustan və Banqladeş.
Silah ixracı ilə bağlı qərarların Baş nazirin və bir neçə digər nazirin iştirakı ilə Milli Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməsi gözlənilir. Daha sonra Parlamentə bu barədə məlumat veriləcək, lakin bu cür əməliyyatları təsdiqləmək tələb olunmayacaq. Yaponiya artıq Avstraliyaya idarə olunan raket freqatları satmaq barədə razılığa gəlib və Yeni Zelandiya da onlara maraq göstərib. İndoneziya və Filippinə istifadə olunmuş hərbi gəmilərin verilməsi də müzakirə olunur. Hava hücumundan müdafiə təchizatı da mümkündür.
Kyodo Xəbər Agentliyi əvvəllər silah ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması qərarının Tokionun Ukraynaya silah tədarükü üçün qapı açacağını bildirmişdi. Qeyd olunurdu ki, Milli Təhlükəsizlik Şurasının qərarlar qəbul etdiyi ixrac təsdiq sistemi siyasi mülahizəyə imkan verir.
Yaponiyanın hazırda Ukrayna ilə müvafiq müqaviləsi yoxdur. Lakin hakim Liberal Demokrat Partiyasının (LDP) Təhlükəsizlik Şurasının rəhbəri İtsunori Onodera jurnalistlərin Ukraynaya silah ixracı ehtimalı ilə bağlı suallarını cavablandıraraq bildirib ki, "hansı ölkə ilə müqavilə bağlamaq və hansı ölkəyə ixrac etməyə icazə vermək hökumətin səlahiyyətindədir". Daha sonra Yaponiya hökumətinin Ukrayna istehsalı olan dronları satın almağı və Özünümüdafiə Qüvvələrinə verməyi nəzərdən keçirdiyi bildirilib. Qərar qəbul edilərsə, bu məqsədlə silah ixracına yol açan müqavilə imzalana bilər.
Onu da qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski əvvəllər Tokiodan hava hücumundan müdafiə təchizatı istəyib.
Yaponiya hökumətinin qərarı bu baxımdan Rusiyanı ciddi şəkildə narahat etməkdədir. Artıq Rusiyanın Yaponiyadakı səfiri Nikolay Nozdrev TASS-a verdiyi müsahibədə iddia edib ki, Yaponiyanın ABŞ-a verdiyi Patriot raketləri Ukraynaya çatarsa, Rusiya dərhal və qətiyyətlə cavab verəcək.
Musavat.com






