İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Hindistanın birgə müəllifi olduğu yeni tranzit xəttin həyata keçirilməsi planlaşdırılır.
Musavat.com xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Tahir Mirkişili sosial media hesabında paylaşım edib.
![]()
Deputat qeyd edib ki, Mundra–Cəbel Əli–Səudiyyə Ərəbistanı–İordaniya–Hayfa xətti Ormuz boğazı və Süveyş kanalı üzərindən keçən ənənəvi dəniz yollarına alternativ marşrut təklif edir:
“Bu yol həm də Çinin müəllifi olduğu “Bir kəmər-bir yol” layihəsinə qarşı alternativ kimi görünür. Hindistan Hayfa–Əbu-Dabi dəhlizini özünün “Act West” strategiyasının struktur elementi kimi görür. Hayfa–Əbu-Dabi layihəsi Yaxın Şərqin yeni bir mərhələyə-infrastruktur yollarının rəqabəti mərhələsinə daxil olduğunu göstərir. Bu rəqabət artıq XXI əsrin enerji geosiyasəti ilə müqayisə edilə bilər. Əgər bir vaxtlar mübarizə boru kəmərləri üzərində gedirdisə, bu gün əsas qarşıdurma quru və multimodal dəhlizlərin istiqamətləri üzərində cərəyan edir.
Belə rəqabətli şəraitdə Azərbaycandan keçən Orta Dəhlizin inkişaf etdirilməsi, Zəngəzur dəhlizinin tezliklə açılması bütün region ölkələri üçün xüsusi əhəmiyyət kəsb edir”.
![]()
Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu bildirib ki, Türkiyə logistik mərkəzə çevriləcək. Belə ki, ötən həftə Türkiyə və Oman iki mühüm müqavilə imzaladılar:
Dəniz gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında müqavilə;
Nəqliyyat, nəqliyyat dəhlizləri, rabitə və informasiya texnologiyaları üzrə Anlaşma Memorandumu.
O, əməkdaşlığın Omandan Türkiyə vasitəsilə Avropaya malların daşınması da daxil olmaqla geniş sahələrdə həyata keçiriləcəyini, o cümlədən imzalanan sənədlərin dəniz nəqliyyatı, multimodal nəqliyyat, liman idarəetməsi və rabitə infrastrukturu kimi sahələri əhatə edən geniş işlərin başlayacağını qeyd edib.
Sentyabrın sonunda Türkiyə, İordaniya və Suriya tarixi Hicaz Dəmir Yolu da daxil olmaqla tranzit marşrutlarını bərpa etmək və genişləndirmək qərarına gəliblər. Bu, İordaniyadakı Aqaba limanı vasitəsilə Anadoludan Qırmızı dənizə əlaqə yaradacaq.
Bundan əlavə, Türkiyə və İraq Fars körfəzindəki tərəfdaşları ilə birlikdə Türkiyəni Fars körfəzindəki İraqın Əl-Fav limanı ilə birləşdirəcək “İnkişaf Yolu” nəqliyyat dəhlizinin reallaşmasına da başlanıb.
Məlumata görə, bu marşrut Süveyş kanalından keçən dəniz yolu ilə müqayisədə Çin ilə Avropa arasındakı məsafəni qısaldacaq və vaxta və pula qənaət edəcək.
“Gəmilər Süveyş kanalından 35 günə keçə bilər. Ümid burnundan keçən yol isə 45 günə keçilə bilər. “İnkişaf Yolu”nu tamamladıqdan sonra yükdaşıma müddəti 25 günə qədər azalacaq”, deyə Ə.Uraloğlu bildirib.
Qeyd edilib ki, bu layihələr Fars körfəzini Aralıq dənizi yükdaşıma mərkəzləri və Avropa bazarları ilə birləşdirən nəqliyyat dəhlizlərinin qurulması üçün imkanlar açır. Türkiyə üçün bu, Şərq və Qərb arasında əsas logistika mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi deməkdir. (Trt russian)
![]()
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev Musavat.com-a şərhində xatırladıb ki, “IMEC” layihəsi (Hindistan-Yaxın Şərq Dəhlizi) barədə fikirlər ilk dəfə 2019-cu ildə səslənməyə başlayıb.
O qeyd edib ki, layihə 2023-cü ildə Nyu-Dehlidə G20 sammitində elan olunmuşdu.
Ekspertin sözlərinə görə, sonrakı dövrdə Yaxın Şərqdəki müharibələr bu layihəni ikinci plana keçirmişdi:
“Son günlər digər layihə daha çox aktuallaşıb. Bu, Türkiyənin bərpa etmək istədiyi İstanbul-Məkkə marşrutu üzrə tarixi Hicaz yoludur ki, Səudiyyə Ərəbistanının dəmiryolu şəbəkəsinə qoşulmaqla Fars körfəzinə çıxış təmin edir. Türkiyənin digər layihəsi “İnkişaf yolu”dur ki, İraq üzərindən çıxışı təmin edir, layihə reallaşsa, bu, Fars körfəzinə gələcək yüklərin Türkiyəyə yönəlməsinə zəmin yaratmış olacaq”.
Ekspert hesab edir ki, yaxın zamanda daha çox rəqabət müşahidə ediləcək:
“İstər Çin, istərsə də Hindistandan gələn yüklər üçün mövcud marşrutlarla yanaşı, alternativ marşrutlar gündəmdədir. Bu alternativ marşrutları ən aktiv icra edən tərəf Türkiyədir. Bu layihələr Azərbaycan üçün də vacibdir çünki istər Bakı-Tbilisi-Qars, istərsə də Zəngəzur dəhlizi Türkiyənin icra etdiyi layihələrlə inteqrasiya olunur. Bizim də bu yollar üzərindən Yaxın Şərqə çıxışımızı təmin edir”.
Nigar HƏSƏNLİ,
Musavat.com






