ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı sərt və diqqətçəkən açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Tramp bildirib ki, Tehran nüvə obyektlərini bərpa etməyə və yeni obyektlər tikməyə cəhd göstərsə də, buna imkan verilməyib.
Prezidentin sözlərinə görə, ABŞ-nin vaxtında atdığı addımlar Yaxın Şərqdə böyük müharibənin qarşısını alıb: “Əgər biz onların nüvə silahlarını məhv etməsəydik, Yaxın Şərqdə sülh olmazdı. Ərəb ölkələri bunu heç vaxt edə bilməzdilər. Onlar İrandan çox qorxurdular. İndi isə artıq qorxmurlar”.
Tramp ABŞ Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi əməliyyatlara da toxunaraq bildirib ki, strateji bombardmançılar hədəfləri tam dəqiqliklə vurub: “O gözəl B-2 bombardmançı təyyarələri müharibə zonasına daxil oldu, hər bomba ilə hədəflərini vuraraq obyektləri tamamilə məhv etdi. Əks halda onlar bir ay ərzində nüvə silahına sahib olardılar”.
Prezident əlavə edib ki, İran sonradan dağıdılmış nüvə obyektlərinə qayıtmağa cəhd göstərib, lakin buna nail ola bilməyib: “Onlar nüvə obyektinə qayıtmağa çalışdılar. Yaxınlaşa belə bilmədilər. O obyekt tamamilə dağılmışdı. Daha sonra ölkənin başqa bir yerində yeni obyekt tikməyi planlaşdırdılar. Biz bundan xəbər tutduq və açıq şəkildə xəbərdarlıq etdik”.
Musavat.com






